“Son 20 ilin stastistikasına baxsaq, paytaxt ərazisində torpaqların qiymətində 25 dəfəyə qədər artım olduğunu görə bilərik”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında son dövlər torpaq qiymətlərinin bahalaşmasının səbəbləri barədə danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Bu tendensiyanın hazırda da artan xətt üzrə davam etdiyini söyləyən ekspert torpaq tükənən bir əmlak olduğunu vurğulayıb.

Mütəxəssis deyir ki, torpaqlar tükəndikcə alternativi olmadığına görə tələbat da artır və bu proses qiymətlərə də öz təsirini göstərir: “Bundan əlavə, artıq qeyri-yaşayış obyektlərinin inşası və Bakıətrafı ərazilərdə fərdi evlər üçün yararlı olan torpaq sahələrinə də tələbat çoxdur və bu qiymət artımı həmin ərazilərdə də baş verir”.

E.Fərzəliyev bildirib ki, torpaq sahələrinə olan tələbat daha çox yay aylarından başlayır: “Hər ilin may ayından avqust ayının sonuna qədər, xüsusilə fərdi yaşayış evlərinin inşası üçün yararlı olan sahələrə tələb artır və bunun nəticəsində hər il həmin aylarda qiymətlərdə yüksəlmə müşahidə olunur. Lakin ümumilikdə, artıq Bakının mərkəz və mərkəzə yaxın ərazilərində torpaq sahələri qalmadığına və qalan torpaq sahələrinin qiymətlərinin kəskin sürətdə bahalaşdığına görə, bu artımlar hazırda da davam edir və hesab edirəm ki, bu proses gələcəkdə də davam edəcək”.

İsmayıl Bakuvi