Son vaxtlar Bakıda və Sumqayıtda içməli suyun fasilələrlə verildiyinə dair şikayətlərin sayı artır. Əvvəllər sutka ərzində su ilə tam təchiz olunan abonentlər indi günün bəzi saatlarında su əldə edə bilmədiklərini bildirirlər.

Məsələ ilə bağlı İqtisadiyyat.az-ın sorğusunu cavablandıran “Azərsu” ASC mətbuar xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumatı təsdiq edib: “Biz Bakıda xidmət göstərdiyimiz əhalinin 82%-ni fasiləsiz içməli su ilə təmin etmişik. 18 % isə rejim əsasında su ilə təmin olunur, yəni müəyyən saatlardan bir verilir. Hətta Bakıətrafı ərazilərdə elə yerlər var ki, oraya gündə bir dəfə, bəzi yerlərdə bir gündən bir su verilir”.

 

 

A.Cəbrayıllı bunun səbəbinin təbii amillərlə bağlı olduğunu bildirib: “Bu il yağıntının miqdarının azalması, həm Taxtakörpü su anbarında suyun səviyyəsinin aşağı düşməsi, həm Samur çayında sululuğun azalması səbəbindən su komissiyasının göstərişinə əsasən “Azərsu” ASC fevralın birinci on günlüyünün sonundan etibarən yeni qrafiklər təsdiq edib. Yəni, qənaət rejiminə keçmişik və bu rejimlərə əsasən hətta 24 saat su alan bəzi ərazilərdə fasiləli rejimlər tətbiq etmişik. Elə ərazilər var ki, biz orada gecə saatlarında suyun verilməsini dayandırırıq. Elə ərazilər vardı ki, 14 saat su ilə təmin olunurdu, biz onu 8-10 saata endirmişik. Bir daha qeyd edirəm ki, bu barədə qərar su komissiyası tərəfindən su ehtiyatlarının azalması fonunda su mənbələrindən götürülən suyun həcminin azaldılması ilə bağlı verilib".