“Tikilməkdə olan binalarda mənzillər üçün ipoteka ayrılarsa, bu, qiymət artımının qarşısını ala bilər”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O xatırladıb ki, hər hansı bir əmlak ipoteka krediti ilə satıldığı halda, onun yenidən satışa çıxması uzun illər zaman alır:
“İpoteka predmetinə çevrilən mənzillər köhnə tikililərdə daha çox doqquz mərtəbəli binalarda olur. Yeni tikili binalarda isə çıxarışlı mənzillər ipoteka predmetinə çevrilir. Hər ipoteka ayrılan zaman ipoteka predmeti olan mənzillərin qiymətində artımlar müşahidə olunur. Bu baxımdan ipoteka qanunvericiliyinə dəyişiklik olarsa, tikilməkdə olan binalara belə ipotekalar ayrılarsa, bu, qiymət artımının qismən qarşısını ala bilər, həmçinin tikilməkdə olan yeni binaların sayını artıra bilər”.
Bakının baş planı təsdiqlənib və 2040-cı ilə qədər Bakı şəhəri baş planda göstərilmiş formada olacaq. Düşünürəm ki, paytaxt ərazisində söküntü və tikinti işlərini daha çox özəl sektor apardığına görə, onlar üçün münbit şərait yaradılmalıdır. Müştərilərin çox olması imkan verməlidir ki, onlar da köhnə, xüsusilə qəzalı binaları sökərək yeni tikili binalarla əvəzləsinlər. Bu baxımdan tikilməkdə olan binalara da ipoteka ayrılsa, təbii ki, bu zaman paytaxt ərazisində qəzalı binalar sökülərək yeni tikili binalarla əvəzlənmiş olar”, - E.Fərzəliyev bildirib.
Elçin Mehdiyev