Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakıda Dənizkənarı Milli Parkda Peşələr Festivalı başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla da ölkədə ikinci dəfə təşkil olunan Festivalın Bakıda yekun tədbiri keçirilir.

Festival paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının marağına səbəb olub. Xeyli sayda insanın qatıldığı Festival böyük əhvali-ruhiyyə ilə davam edir.

Festivalda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyi (DMA) İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, deputatlar, ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak edirlər.

Xatırladaq ki, bu il ikinci dəfə təşkil olunan Peşələr Festivalı ümumilikdə 10 bölgəni əhatə edib.

Festival oktyabrın 28-də Quba rayonundan start götürüb. Daha sonra oktyabrın 30-da İsmayıllı, noyabrın 1-də Zaqatala, noyabrın 3-də Şəmkir, noyabrın 5-də Salyan, noyabrın 9-da Ordubad, noyabrın 11-də Naxçıvan, noyabrın 14-də Cəlilabadda və noyabrın 16-da isə Sabirabadda keçirilib.

Festivalda 14 peşə haqqında maarifləndirici tədbirlər həyata keçirilib.

İştirakçılar festivala qatılmaqla peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunduğu barədə məlumatlar əldə ediblər.

Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ\UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf\videoqraf peşələri üzrə peşəkar ekspertləri tərəfindən təqdimat və vorkşoplar keçirilir.

Tədbirdə iştirak ödənişsizdir.

 

Gözəl Həşimova