Bakının mərkəzində bir neçə ərazidə parkinq məntəqələrində yeni tariflər müəyyənləşib. Belə ki, Bakı Dəmiryol Vağzalı qarşısındakı ərazidə və “Qış parkı” yeraltı dayanacağında parkinq qiymətləri artırılıb. Bundan əlavə, Azadlıq meydanındakı yeraltı dayanacaqda da yeni tarif tətbiq olunacaq.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında parkinq tariflərinin kəskin yüksəlməsindən narazı olduğunu söyləyib.
O, Azərbaycanda parklanma yerlərinin qiymətinin Nazirlər Kabinetinin qərarı ilə tənzimləndiyini vurğulayıb. Ekspert bununla yanaşı bildirib ki, özəl sektorlarda parklanma qiymətləri fərqli ola bilər:
"Bu gün Bakı şəhərində parklanma yerlərinə tələb kəskin artıb. Bunun da əsas səbəblərindən biri Bakının mərkəzi küçələrində olan parklanma yerlərinin ləğv edilməsi və həmin ərazilərə avtomobillərin daxil olmasının qadağan edilməsidir. Belə olan halda, təbii ki, bir ərazidə parklanma yerləri ləğv edilirsə, digər yerlərdə avtomobil dayanacaqlarına tələb kəskin artır. Çox təəssüf ki, bəzən tələb artdıqda həmin parklanma yerləri və yaxud dayanacaqların da qiyməti kəskin yüksəlir".
E.Cəfərov qeyd edib ki, parklanma tarifləri dövlətin mövcud sosialyönümlü siyasətinə zidd olmamalıdır: "Bundan əlavə, haradasa parklanma yerlərinin, hansısa küçələrin bağlanması sahibkarlığa da ziyan vurur. Bütün bu məsələlərin hamısı nəzərə alınmalıdır".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də açıqlama yayıb. Qeyd edilib ki, AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik–4 manat 66 qəpik arasında dəyişir: "Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir. Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır. Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib".
Yeni parkinq tariflərini təqdim edirik.
"Qış parkı” yeraltı dayanacağında gündəlik tariflər aşağıdakı kimidir:
0-2 saat - 1 manat;
2-4 saat - 2 manat;
4-6 saat - 3 manat;
6-10 saat - 4 manat;
10-12 saat - 5 manat;
12-24 saat - 8 manat.
Aylıq tariflər isə belə olacaq:
Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);
Bütün günü (24 saatlıq) - 120 manat (köhnə tarif 60 manat);
Qonşular tarifi - 50 manat (köhnə tarif 20 manat).
Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillər üçün parkinq tarifləri isə aşağıdakı kimidir:
İlk 15 dəqiqə pulsuz;
15-30 dəqiqə - 1 manat;
30-60 dəqiqə - 2 manat;
1-2 saat - 4 manat;
2-3 saat 6 manat;
3-5 saat - 10 manat;
5-7 saat - 14 manat;
7-10 saat - 18 manat;
10-15 saat - 22 manat;
15-20 saat - 26 manat;
20-24 saat - 30 manat;
Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.
Azadlıq meydanındakı yeraltı dayanacaqda tariflər aşağıdakı kimidir:
0-1 saat üçün 1 manat, 1-3 saat üçün 2 manat, 3-6 saat üçün 3 manat, 6-12 saat üçün 5 manat, 12-24 saat üçün 10 manat ödəniş tələb olunacaq.
Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. "Qonşular" paketinə görə 75 manat ödəniləcək.
Sadiq Cavadov