Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev zəkasının işığında” mövzusunda gənclərlə görüş təşkil edilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və müxtəlif ictimai birliklərin nümayəndələri iştirak ediblər.

B.Muradova çıxışında Heydər Əliyevin gənclər siyasətindən danışıb: "Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən siyasət müasir Azərbaycan gəncliyinin inkişafı, onların yaradıcılıq qabiliyyətinin formalaşdırılması və peşəkar yetişməsi üçün baza rolunu oynayıb. Biz bu gün ölkəmizin, regionlarımızın istedadlı gəncləri ilə görüşürük. Ölkəmizdə uşaqların hərtərəfli inkişafı, maraqlarının qorunması, onların milli-mənəvi dəyərlər ruhunda yetişməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir”.

Daha sonra Ə.Hüseynli müstəqilliyin bərpası dövründən və Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki işlərdən bəhs edib: "O zaman Azərbaycan gəncləri birmənalı olaraq Ulu Öndər Heydər Əliyevin yanında idi. Onun uğurlu siyasətini dəstəkləyirdilər".

Sonda Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, gənclərin cəmiyyətin inkişafında rolunun və ictimai həyatın bütün sahələrində fəallığının artırılması ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.