“Azərbaycanda mənzillərin qiymətinin enməsi ilə bağlı deyilənlər hazırda bazarda müşahidə olunmur. Hazırda daşınmaz əmlak bazarında passiv bir dövr olsa da, mənzillərin qiymətinin azalması kimi hala rast gəlinmir”.
Bunu İqtisadiyyat.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı deyib.
O bildirib ki, hazırda mənzil bazarında qiymətlər sabitdir, hətta bəzi ərazilərdə nisbi artıma doğru meyllər müşahidə olunur:
“Qarşıda illik ipoteka kreditlərinin ayrılmasına başlanılacaq. İpoteka kreditlərinin verilməsi bazarda nisbi də olsa, qiymət artımına təsir göstərə bilir. Eyni zamanda nəzərə almalıyıq ki, dövlət büdcəsinin infrastruktur və şəhərsalma istiqamətində xərc maddələri üzrə xərcləmələrə başlanılmayıb. Qarşıdakı dövrlərdə də bu proses başlayacaq və həmin vəsaitlərin bir hissəsinin də daşınmaz əmlak bazarına gəlmə ehtimalı da var ki, bu da qiymətlərə təsir göstərə bilər.
“Hesab etmirəm ki, biz qarşıdakı dövrdə istər müsbətə, istərsə də mənfiyə doğru ciddi dəyişmə müşahidə edək. Əgər bizdən asılı olmayan müəyyən xarici təsirlər olmasa, hesab edirəm ki, illik qiymət dəyişmələri ötən il olduğu kimi nisbi xarakter daşıyacaq. Maksimum aylıq bir faiz və bir faiz ətrafında olan qiymət dəyişmələri müşahidə oluna bilər ki, bu da bazar üçün əhəmiyyətli qiymət dəyişməsi hesab olunmur”, - mütəxəssis əlavə edib.