Bakı Biznes Mərkəzində maliyyə alətlərindən istifadə imkanlarınızın genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, Agentlik yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” forumu keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, forumda aidiyyəti dövlət orqanlarının, bankların, kredit təşkilatlarının və digər əlaqəli maliyyə institutlarının iştirakı ilə sahibkarların maliyyə bazarlarına çıxışı haqqında aktual məsələlərin ictimai müzakirəsi aparılacaq. Tədbirdə müxtəlif maliyyə alətlərinin və ölkədə fəaliyyət göstərən maliyyə institutlarının təklif etdiyi sərfəli, əlçatan və yeni maliyyə məhsullarının nümayiş etdirilməsi məqsədilə sərgi təşkil ediləcək. Sərgi mikro, kiçik və orta biznes subyektləri üçün şəffaf maliyyə resursları təklif edən banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları və dövlət qurumlarının təklif etdiyi məhsullar onlara ayrılmış masalar vasitəsi ilə təqdim ediləcək.

Məlumat üçün bildirək ki, forumun moderatoru KOBİA yanında İctimai Şuranını sədri Fərhad Qaraşovdur. Həmçinin, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi nümayəndələrinin də iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, forum noyabrın 14-də keçiriləcək.