Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində kanalizasiya kollektoru üzərində qeyri qanuni tikilən fərdi yaşayış evinin həyətinin çökməsi nəticəsində diametri 1200 mm, dərinliyi 7 m olan kanalizasiya kollektorunda qəza hadisəsi yaşanıb.
Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qeyd olunub ki, 1974-cü ildə tikilən kollektorun üzərində qanunsuz evlər inşa edilib. Bildirilib ki, hazırda qəzanın aradan qaldırılması işləri görülür: "Xatırladaq ki, Xətai rayonu ərazisində magistral su və kanalizasiya xətləri üzərində yüzlərlə qeyri-qanuni evlər, obyektlər tikilib. Bu tikililərin altından keçən xətlərə nəzarət etmək mümkünsüzləşir, yaranan qəza hadisələrinin aradan qaldırılması quruma böyük çətinliklər yaradır. Hər hansı qəza nəticəsində həmin qeyri-qanuni tikililərə də ziyan dəyir", - deyə məlumatda qeyd olunub.
***
14:33
Bakıda su xəttinin partlaması nəticəsində fərdi yaşayış evinin həyəti çöküb.
İqtisadiyyat.az xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində qeydə alınıb.
Belə ki, su xəttində baş verən qəza nəticəsində vətəndaş Məcnun Məmmədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsi çöküb.