Bakıda ən bahalı ev və mənzillərin olduğu ərazilər məlum olub.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında əmlak bazarının bahalı evlərindən danışıb.

Onun sözlərinə görə, fərdi yaşayış evlərində əsasən bağ evlərinin qiyməti daha yüksəkdir. 

Bakıda 48 milyon manata satılan ev haradadır?

Ekspert müşahidələrinə əsasən, deyir ki, Bakıda ən bahalı evin qiyməti 48 milyon manat civarında olub: "Dənizkənarında yerləşən bu evin böyük torpaq sahəsi olmaqla yanaşı, içərisində kinoteatra qədər mövcud olub. Daha sonra 24-25 milyon manata satılan evlər də var. Çoxmənzilli binalara gəlincə, ən bahalı mənzillərdə 1 kvadratmetrin qiyməti təxminən 8 min və daha yuxarıdır. Buraya “Port Baku”nun yaxınlığındakı və digər ərazilərdəki bir neçə lüks binalar daxildir". 

Ekspert bildiriub ki, köhnə yaşayış binalarına gəlincə, burada qiymət ərazidən asılı olaraq fərqlənir: "Köhnə yaşayış binalarından “Stalinka”larda ərazidən asılı olaraq, 1 kvadratmetrin qiyməti 2500 manat təşkil edir. “Leninqrad” tipli binalarda da eyni vəziyyətdədir. Mərkəzdə yerləşən “Stalinka” tiplu binalarda 1 kvadratmetrin qiyməti 3000-3500 manat civarındadır. Arxitektur tipli binalarda isə 1 kvadratmetrin dəyəri 3500 manatdan başlayır".

R.Qasımzadə söyləyib ki, digər bahalı əmlaklara qeyri-yaşayış sahələri daxildir. Onun sözlərinə görə, yuxarıda qeyd olunan ərazilərdə bu mülklərin 1 kvadratmetrinin qiyməti 15 min manatdan yuxarıdır. Bu ərazilərdə daha çox ticarət mərkəzləri və obyektlər tikilir. 

Bəs görəsən, bahalı evlərə tələbat hansı səviyyədədir?

Ekspertin sözlərinə görə, bu gün bahalı mülk, ev və mənzillərə tələbat elə də yüksək səviyyədə deyil. Ona görə də bahalı evlər əmlak bazarının təxmini 10-15 faizini təşkil edir: "Bu gün bazarda 100 min manata qədər olan evlərə tələbat daha çoxdur. Sadəcə olaraq bir otaqlı mənzillərin qiyməti minimum 65 000 manatdan başlayır. Bu qiymətə ikiotaqlı mənzillər də satılır. Lakin bu mənzillər yataqxana tipli layihələrə aiddir. Yəni həmin mənzillər əvvəllər yataqxana olub. Bu evlər əsasən Hövsan, Lökbatan və digər qəsəbələrdə yerləşir. Neftçilərdə eyni tipli “Xruşşov” binalarındakı mənzillər 80-85 min manata, Nərimanov metrosunun yaxınlığında isə 100 min manata satılır".

Tələbatın azalması qarşıdakı dövrdə bahalı evlərin qiymətini ucuzlaşdıra bilərmi?

Ramil Qasımzadə hesab edir ki, bahalı evlərin likvidliyi onsuz da aşağıdır. O deyir ki, bəzən 3-5 milyon manat civarında tikilən ev satış zamanı çəkilən xərci belə ödəyə bilmir: "Bəzən vətəndaş evini 30-40 faiz ucuz qiymətə satmaq məcburiyyətində qalır. Çünki həmin evlərə tələbat çox azdır. Əmlakın qiymətinə təsir edən əsas amil torpağın qiymətidir. Yəni torpağın qiyməti qalxarsa, bu halda evin də qiyməti bahalaşa bilər. Bahalı evlər əsasən kirayə məqsədi üçün alınır. Hansı ki, bu evlər diplomatik korpuslara, səfirliklərə arendaya verilir. Bu isə bazarın 2-3 faizini təşkil edir".

 

Gülşən Şərif