Bakı Ekspo Mərkəzində sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") öz işinə başlayıb.
İqtisadiyyat.az xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, dövlət dəstək mexanizmləri gücləndirilib, fermerlərin texnologiya və maliyyə resurslarına çıxışı asanlaşdırılıb. Fermerlərimizin müasir kənd təsərrüfatı texnikası, dəqiq əkinçilik sistemləri, rəqəmsal idarəetmə vasitələri və ekoloji təmiz istehsal texnologiyaları ilə tanış olması üçün imkanlar yaradılıb. Elçin Zeynalov qeyd edib ki, kənd təsərrüfatı və qida sənayesində innovativ həllər və yeni texnologiyaların təqdim edildiyi builki sərgidə süni intellektin tətbiqinə əsaslanan yeni həllər, ağıllı idarəetmə sisteminə əsaslanan avtomatlaşdırılmış texnologiyalar, enerji və resursqoruyucu texnologiyalar, alternativ enerji mənbələrindən istifadəyə imkan verən avadanlıqlar, iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı məhsulları və dayanıqlı təsərrüfatçılıq həllərinin nümayişinə üstünlük verilib.
Azərbaycanda iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirlərini azaltmaq, torpaq və su ehtiyatlarından səmərəli istifadəni genişləndirmək, kənd təsərrüfatını daha ekoloji və səmərəli hala gətirmək üçün innovativ yanaşmalar tətbiq edilir. Daha çox rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformalarının genişləndirilməsi, aqrar sahədə çalışan sahibkarlar üçün maliyyə və sığorta alətlərinin əlçatanlığının artırılması da bu sahədə əsas hədəflərdəndir.
Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, dünyada baş verən qlobal iqlim dəyişiklikləri və iqtisadi-siyasi sınaqların mövcud olduğu bir dövrdə ölkəmizdə qlobal, inkişafyönümlü tədbirlər həyata keçirilir: “Son illər ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər nəticəsində kənd təsərrüfatı və qida sənayesinin yüksəlişi daxili və xarici bazarda yeni imkanların, iqtisadi-ticari əlaqələrin daha da genişlənməsi, ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixrac potensialı üçün münasib şərait yaradır”.
Sərginin açılış mərasimindəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasında önəmini qeyd edib. KOBİA sədri bildirib ki, 2018-ci ildən etibarən 1500-dən çox startap, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə və yarmarkalarda iştirakına KOBİA tərəfindən dəstək göstərilib. Agentlik “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərinə dəstək göstərən qurumlar sırasındadır. Əvvəlki illərdə olduğu kimi bu il də KOB-ların bazarlara çıxışının və satış imkanlarının genişləndirilməsinə dəstək məqsədilə KOBİA-nın stendində aqrar və qida sektorlarında fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim edilir.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Agentliyin ixracatçılara yerli və beynəlxalq sərgilərdə iştirakına göstərdiyi dəstək haqqında danışıb, ölkəmizin bu il “Made in Azerbaijan” brendi altında bir sıra beynəlxalq sərgilərdə təmsil olunacağını diqqətə çatdırıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib ki, Azərbaycanda aqrar sahənin inkişafı həm əhalinin məşğulluğu, həm də ölkəmizin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə ölkədə yüzlərlə müasir aqroparklar, emal müəssisəsi, yeni istehsal sahələri yaradılıb. Nəticədə daxili tələbatın ödənilməsində yerli məhsulların payı artıb, ixrac olunan məhsulların həcmi genişlənib.
FAO-nun ölkəmizdəki nümayəndəsi Muhammad Nasar Hayat öz növbəsində ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının əhəmiyyətinə toxunub. FAO rsmisi əlavə edib ki, yüksək səviyyədə təşkil olunan bu mötəbər beynəlxalq tədbir qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm platforma rolunu oynayıb. O, Azərbaycan hökumətinin davamlı aqro-ərzaq sistemlərinin təşviqi, iqlim dəyişikliyi ilə mübarizəyə mühüm önəm verdiyini vurğulayıb.
Sərginin əhəmiyyətindən söz açan "Caspian Event Organisers" şirkətinin Baş direktoru Fərid Məmmədov qeyd edib ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri bu gün artıq təkcə Azərbaycanın deyil, bütün regionun aparıcı aqrar tədbirləri kimi tanınır. Bu sərgilər öz sahəsində artıq qlobal əməkdaşlıq məkanına çevrilərək, iqtisadi tərəfdaşlıqların qurulmasına və sektorun inkişafına ciddi töhfə verir.
Daha sonra nümayəndə heyəti “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. Sərgilərə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstandan şirkətlər qatılıb. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir Milli Qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirirlər.
Bu il ilk dəfə olaraq dörd gün davam edəcək “Caspian Agro” sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, ağıllı kənd, startaplar, alternativ enerji mənbələri, “Green agro” kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər.
Builki sərgidə ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsi də təmsil olunur. “Caspian Agro” sərgisi balıqçılıq və akvakultura sahəsinin də inkişafına dəstək verəcək innovativ həllərin və qabaqcıl texnologiyaların nümayişi üçün mühüm platformadır.
Sərgi çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək. II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi, innovativ kənd təsərrüfatı, aqrar sahədə qadınların rolu və digər vacib mövzular üzrə müzakirələr aparılacaq.
Hər il olduğu kimi bu il də təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edəcəklər. Bu il ilk dəfə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərən fermerlər də sərgi üzrə keçirilən turlara qatılırlar. Sərgi çərçivəsində Azərbaycanın 57 rayondan fermerlər qabaqcıl texnologiyalar və yeni sənaye təcrübələri ilə tanış olmaq imkanı əldə edəcəklər.
***
10.16
Mayın 13-də Bakı Ekspo Mərkəzdə Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri açılıb.
İqtisadiyyat.az xəbər verir ki, tədbirlər Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Həmçinin Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini fəal şəkildə dəstəkləyirlər.
Bu il “InterFood Azerbaijan” sərgisi öz 30 illik yubileyini qeyd edir. 30 il ərzində 50-dək ölkədən 3000-dən çox şirkət və 150 mindən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanıb. Sərgidə təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayesi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda “InterFood Azerbaijan” sərgisi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun möhkəmləndirilməsində vacib rol oynayır.
“InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 30-dan artıq ölkədən 450-dək şirkət öz iştirakını təsdiq edib. Sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir.
İştirakçı və ziyarətçilərin istəkləri nəzərə alınaraq bu il sərgilər 4 gün ərzində təşkil ediləcək. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri-Lanka, Türkiyə, Türkmənistan və Yunanıstanı əhatə edir. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir milli qruplar şəklində sərgilərdə iştirak edir. Sərgiləri bir sıra xarici ölkələrdən nazirlərin başçılıq etdiyi beynəlxalq nümayəndə heyətləri ziyarət edəcək.
Regionun ən böyük kənd təsərrüfatı sərgisi olmaqla, “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edəcək və yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribüterləri, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyasını bir araya toplayaraq təcrübə, bilik və innovasiyalar mübadiləsi üçün unikal imkanlar yaradacaq.
Eyni zamanda, sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, IT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri yer alır.
“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də, halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunur.
Sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır. Ötən il olduğu kimi, bu il də “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində iştirakçılar bu brend altında məhsullarını nümayiş etdirirlər. Bu, qlobal kənd təsərrüfatı və qida sənayesində yerli istehsalın inkişafının və rəqabət qabiliyyətinin parlaq nümunəsidir.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təqdimat zonasında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək. 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi, innovativ kənd təsərrüfatı, aqrar sahədə qadınların rolu və digər vacib mövzular üzrə müzakirələr aparılacaqdır.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri zamanı kənd təsərrüfatı sahəsi üzrə daha bir mühüm beynəlxalq tədbir baş tutacaq. Belə ki, Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində Bakı Ekspo Mərkəzində, ümumilikdə 200-dən çox beynəlxalq və yerli nümayəndələr, rəsmi şəxslər və ekspertlərin iştirakı ilə İslam Ticarət və İnkişaf Palatasının “Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu” keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və sərgi təşkilatçılarının dəstəyi ilə keçiriləcək tədbir 14-15 may tarixlərində təşkil ediləcək. Forumun müzakirə gündəmində davamlı kənd təsərrüfatına investisiya, kənd təsərrüfatında KOB-ların gücləndirilməsi, kənd təsərrüfatı ticarəti, dəyər zəncirləri və qida bazarları kimi mövzular yer alacaq. Tədbir zamanı, həmçinin ikitərəfli işgüzar (B2B) görüşlər, eləcə də müxtəlif təlimlər təşkil ediləcək. Bu forum Azərbaycanın kənd təsərrüfatı sektoru üzrə beynəlxalq iqtisadi əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgiləri fəal şəkildə dəstəkləyir, kiçik və orta sahibkarların tədbirlərdə iştirak etməsi üçün stend təşkil edir. Bu əməkdaşlıq çox məhsuldar xarakter daşıyır. Belə ki, hər il bu şirkətlər sərgilərdə iştirak edərək, bazarın yenilikləri ilə tanış olur, sahənin aparıcı liderləri ilə əlaqələr qurur və inkişaf edirlər. Bu ildən etibarən Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri KOBİA ilə yeni istiqamətdə əməkdaşlığı genişləndirir. Belə ki, regionlardan KOB-ların Bakıda keçirilən beynəlxalq sərgilərə cəlb edilməsinə başlanılır. KOBİA-nın dəstəyi ilə ölkənin müxtəlif regionlarından KOB-lar üçün bütün sərgilərdə iştirak etmələri məqsədilə turlar təşkil olunacaq. Bu təşəbbüs KOB-ların inkişafına, böyük biznes icmasına inteqrasiyasına, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına, sahə üzrə yeniliklərlə tanış olmasına və innovasiyaların tətbiqinə töhfə verəcək.
“InterFood Azerbaijan” sərgisi çərçivəsində “Ümid var” inklüziv cəmiyyətinin üzvü olan uşaqların nar mövzusunda yaratdığı rəsmlərdən ibarət sərgi təşkil olunacaq. Bu əsərlər sərginin axşam ziyafətini bəzəyəcək və ziyafət zamanı təqdim olunan əsərlərin xeyriyyə hərracı keçiriləcək. Sərgilər çərçivəsində təşkil ediləcək ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər.
Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər. Eləcə də sərgilərdə iştirakçı şirkətlər tərəfindən seminarlar və təqdimatlar keçiriləcək. Belə ki, Almaniya Milli Pavilyonunda alman şirkətlərinin məhsullarının təqdimatı baş tutacaq.
“Caspian Agro” və “InterFood Azerbaijan” 2026-cı ildən etibarən yeni “AgriWeek” brendi altında keçiriləcək.
Qeyd edək ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.