Bu ilin əvvəlində ləğv olunan Azərbaycan Dövlət Dəmir Yolu Mərkəzi Dəmiryol Xəstəxanası kreditorlara müraciət edib.

İqtisadiyyat.az xəbər verir ki, kommersiya təşkilatı müraciətdə ləğv olunduğunu xatırladıb.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan Mərkəzi Dəmiryol Xəstəxanası bu ilin əvvəlindən bağlanıb. Xəstəxana Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Nazirlik də məsələ ilə bağlı açıqlamasında bu ilin iyulun 1-dən rayon, şəhər çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı müvafiq qərarların qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcəyini xatırladıb. Qeyd edilib ki, sözügedən xəstəxananın da bu istiqamətdə fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Dövlət Dəmir Yolu Mərkəzi Dəmiryol Xəstəxanası kommersiya təşkilatı kimi 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 7 857 335,93 manatdır.