Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin edilib. Baş İdarəyə yeni təyin olunmuş rəisin tərcümeyi-halını təqdim edirik.

Əliyev İbrahim Müseyib oğlu 12 aprel 1976-cı ildə Ermənistan Respublikasının Ararat (Vedi) rayonu Şidli kəndində doğulub. 1995-ci ildə ali peşə məktəbi – Bakı Kompüter Peşə Liseyini kiçik mühəndis-proqramçı ixtisası üzrə bitirib.

1998-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında Avtomatika və texniki sistemlərdə idarəetmə ixtisası üzrə bakalavr dərəcəsi, 2000-ci ildə həmin Akademiyanı Texniki sistemlərdə idarəetmə və informatika ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb.

2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirərək iqtisadçı peşəsinə yiyələnib, 2019-cu ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini Nəqliyyatda daşımaların və idarəetmənin təşkili ixtisasını bitirib.

16 oktyabr 1992-ci il tarixindən 30 dekabr 1992-ci il tarixinədək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Respublika Hesablama Mərkəzində EHM operatoru, 1 oktyabr 1993-cü il tarixindən 10 noyabr 1995-ci il tarixinədək Bakı Kompüter Peşə Liseyində EHM operatoru, mühəndis-pedaqoq, 30 noyabr 1995-ci il tarixindən 1 may 1997-ci il tarixinədək Azərbaycan Hava Yolları QSC-nin “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətində mühəndis-elektronçu, mühəndis-proqramçı, 2 may 1997-ci il tarixindən 28 iyun 2001-ci il tarixinədək Azərbaycan Hava Yolları QSC-nin “Bakı” aeroportunda mühəndis-proqramçı, şöbə rəisi, 28 iyun 2001-ci il tarixindən 9 aprel 2007-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyində aparıcı mütəxəssis, baş mütəxəssis, baş məsləhətçi, 9 aprel 2007-ci il tarixindən 15 dekabr 2008-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda şöbə müdiri, 5 yanvar 2009-cu il tarixindən 31 mart 2011-ci il tarixinədək “BakıEnerjiQuraşdırma” ATSC-də idarə heyətinin sədr müavini, 4 may 2011-ci il tarixindən 5 iyul 2011-ci il tarixinədək Nəqliyyat Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb.

24 noyabr 2011-ci il tarixindən 21 avqust 2015-ci il tarixinədək Nəqliyyat Nazirliyinin “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-də texniki istismar üzrə direktor, baş direktorun müavini – icraçı direktor, baş direktorun müavini – texniki direktor vəzifələrində işləyib.

21 avqust 2015-ci il tarixindən 24 yanvar 2018-ci il tarixinədək Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində rəis müavini vəzifəsində çalışıb.

25 yanvar 2018-ci il tarixindən 08 fevral 2021-ci il tarixinədək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini vəzifəsində işləyib. 8 fevral 2021-ci il tarixindən 19 oktyabr 2021-ci il tarixinədək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb və 19 oktyabr 2021-ci il tarixindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdir müavini vəzifəsində işləyib.

O, 2004 – 2006-cı illərdə Heydər Əliyev Fondunda ictimai əsaslarla çalışıb.

Ailəlidir. Bir qızı və bir oğlu var.