"Bakı Neft Mədən Avadanlıqları" ASC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, ASC ötən ili 95,8 min manat xalis mənfəətlə bitirib. Bu isə əvvəlki ilə nisbətən 2,2 dəfə azdır. "Bakı Neft Mədən Avadanlıqları" 2022-ci ildə 211,45 min manat xalis mənfəət açıqlamışdı. 

Şirkətin əsas əməliyyat gəlirləri 2022-ci ilə nisbətən ötən il 2,2% azalaraq 1,8 milyon manatdan 1,76 milyon manata enib. Satışın maya dəyəri isə 1,48 milyon manatdan 1,56 milyon manata yüksəlib. Nəticədə ümumi mənfəət 324 min manatdan 200 min manata enib. 49 min manatlıq ümumi və adminstrativ xərclər çıxıldıqdan sonra şirkət əməliyyatını 119,7 min manat mənfəətlə bitirib. Bu isə 2022-ci ilə nisbətən 55% azdır.

Şirkətin bir səhm üzrə mənfəəti də 55 qəpikdən 25 qəpiyə enib.

ASC-nin xalis və bölüşdürülməmiş mənfəətinin kəskin azalması onun cəmi kapitalının da 1 milyon 483 min manatdan 1 milyon 367 min manata enməsinə təsir edib. 

Bununla belə, ASC böyüyüb, cəmi aktivləri 1,63 milyon manatdan 1,8 milyon manata, cəmi öhdəlikləri isə 145,5 min manatdan 447,8 min manata yüksəlib.