Bu il yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 9 146,107 milyon manat təşkil edib.

İqtisadiyyat.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,4% azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 25,5 % azalaraq 6 207 olub.

BFB-nin dövriyyəsinin 53,7 %-i, yaxud 4 908,121 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 20,9 % azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 2,3 dəfə artaraq 755,265 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 35,6 % azalaraq 3 482,720 milyon manat olub.