“1948-ci il dekabr ayının 10-u universal mənada insan hüquqları baxımında mühüm bir tarixdir”.

Vəkillər Kollegiyasından verilən məlumata görə, 73 il əvvəl həmin gün Parisdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında İnsan hüquqları üzrə universal bəyannamə qəbul olunub ki, onun məqsədlərindən biri də dünya üzrə insan hüquqlarının təşviqi və yayılmasını təmin etməkdir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası da “Ümumdünya İnsan Hüquqları günü”nün əhəmiyyətini, habelə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 22 fevral 2018-ci il tarixli Sərəncamını - hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi üzrə tövsiyəsini nəzərə alaraq, bu kimi əlamətdar günlərdə hər zaman müxtəlif səpkidə çoxsaylı tədbirlər keçirməkdədir.

Qeyd olunan tədbirlər çərçivəsində, dekabrın 10-unda gün ərzində ölkəmizdəki bütün vəkil qurumları tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım xidmətləri göstəriləcək.

Bu yardım çərçivəsində əhaliyə şifahi hüquqi məsləhətlərlə yanaşı, müxtəlif orqanlara yazılı müraciətlərin hazırlanması və digər ödənişsiz hüquqi xidmətlər təqdim olunacaq.

Vəkillər Kollegiyasının vəkil qurumları tərəfindən analoji tədbirlər paytaxt və regionlarda mütəmadi olaraq keçirilməkdədir və kollegiya bu tədbirlərin davamlılığını bundan sonra da təmin edəcək.

Vətəndaşlarımız sözügedən kampaniyaya qoşulmağa dəvət olunurlar.