Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə “AzstateNet” dövlət şəbəkəsində 2023-cü ilin 3 rübü ərzində 709 milyon 735 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsilə, 4 milyon 602 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülletenində qeyd olunub.

Bildirilib ki, bu müddətdə 56 min 527 virus tərkibli sənədin xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb.