Bu ilin ən böyük yanğın hadisəsi mart ayının 26-ı Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş verdi. İkinci böyük və səs-küyə səbəb olan yanğın hadisəsi isə yenə də Nizami rayonunda yerləşən “X-Lady” mağazasında oldu. Məlumat üçün bildirək ki, “Diqlas” ticarət mərkəzi artıq tam sökülüb. “X-Lady” isə zərər yalnız dam hissəsinə dəydiyi üçün fəaliyyətini əvvəlki kimi davam etdirir. Ancaq hadisədən 1 aydan artıq keçməsinə baxmayaraq, hələ də ticarət mərkəzinə dəymiş ziyanın sığortaçı tərəfindən qiymətləndirilib-qiymətləndirilməməsi məlum deyil. Bəs görəsən “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikasının qanununda sözgüdən proses necə təsvir olunur?

Mövzu ilə bağlı İqtisadiyyat.Az-a açıqlama verən “X-Lady”inin sığorta edildiyi “Azsığorta” şirkətinin idarə heyətinin sədri Anar Talıbov hələ də qiymətləndirilmənin aparılmadığını bildirib. Səbəb isə hadisə baş verən yerdə əməliyyat işlərinin davam etməsi və dəqiq nəticə verilməməsidir.

Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov məsələyə münasibət bildirərkən, qanuna əsasən 7 iş günü ərzində qiymətləndirmənin aparılmalı olduğunu vurğulayıb:

“Qanunun 16.4-cü maddəsinə əsasən, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdənbir həftə müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir”.

 

Mehman Nəbiyev