"Azəristiliktəchizat "ASC fəaliyyətinin gücləndirilməsi, müasirləşdirilməsi istiqamətində abonentlərin və isidilən sahələrin, həcmlərin dəqiqləşdirilməsi layihəsinə start verib.

Bu barədə İqtisadiyyat.az-a qurumdan bildirilib.

Məlumata görə, səhmdar cəmiyyətinin istiliklə təmin etdiyi əhali və qeyri-əhali istehlakçı qrupuna aid olan abonentlər barədə məlumatların, həmçinin isidilən sahə və həcmlərin dəqiqləşdirilməsi məqsədi ilə istehlakçıların inventarizasiyasının aparılması nəzərdə tutulur. Bu işlərə Cəmiyyətin peşəkar işçiləri cəlb edilib və müvafiq qaydada təlimatlandırılıb, Cəmiyyətdə işləmələrini təsdiq edən vəsiqələrlə təmin edilib.

Prosesə Bakı şəhərində 22 İstilik Sistemləri İstismar Sahəsi, digər şəhər və rayonlarda 46 İstilik Sistemləri İstismar Sahələrinin əməkdaşları cəlb olunub.

Layihə “Azəristiliktəchizat”ın Bakı və regionlarındakı 3 871 yaşayış binasını əhatə edən 180 minə yaxın mənzili, 2 851 büdcədən maliyyələşən, yaxud sosial və digər təyinatlı təsərrüfat obyektini əhatə edəcək.