““Azəristiliktəchizat” ASC sabahdan ölkədə hava şəraitinin kəskin dəyişəcəyini nəzərə alan gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”.

Bunu açıqlamasında qurumun Abonent və Müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə istilik təchizatı ilə bağlı heç bir problem yoxdur: "Bütün qazanxana və məntəqələrimiz tam rejimdə fəaliyyət göstərir. İstilik mənbələrimizdə heç bir problem yoxdur. Sabahdan da havaların soyuması ilə əlaqədar bütün istilik sistemləri istismar sahələrinə göstəriş verilib ki, ətraf mühitin temperaturundan asılı olaraq qaznxanalarda temperaturların artırılması ilə bağlı müvafiq tənzimləmələr aparsınlar. Çağrı mərkəzi daxil olmaqla bütün xidmətlərimiz 24 saat fəaliyyət göstərəcək. İstənilən vaxt vətəndaşlarımız müraciət etsə, dərhal yerində kömək göstəriləcək. Gecə növbəsində işləyənlərin sayını artırırıq. Xətlərdə hansısa problem yaranarsa, operativ qəza xidməti dərhal reaksiya göstərəcək. Mərkəzi dispetçer xidmətimiz 24 saat işləyir. Havalar soyuyanda qəza-təmir xidmətini daha gücləndiirlmiş iş rejimində çalışdırırıq”.

R.Əliyev mərkəzləşdirilmiş istilik sisteminə qoşulmaq üçün müraciətlərin sayında artım olduğunu da deyib və bildirib ki, hazırda cəmiyyətə məxsus 563 qazanxana 3 870 yaşayış binası, 280 məktəb, 160 uşaq baxçası, 163 səhiyyə müəssisəsi, 2 mindən artıq digər sosial və təsərrüfat obyekt və 184 minə yaxın mənzili istiliklə təmin edilr.