Ötən il ərzində "Azərişıq" ASC-nin ASAN Xidmətlə İş Departamenti tərəfindən ümumilikdə 323 601 müraciət qəbul olunub.

İqtisadiyyat.az xəbər verir ki, bunu ASC-nin "ASAN Xidmət"lə İş Departamentinin direktor müavini İnam Yusifov bu gün qurumun 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müraciətlərin 8 314 ədədi elektron şəkildə, 315 287 ədədi isə xidmət mərkəzlərində qəbul olunub: "Sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üzrə 7 985 müraciətdən 3 930 müraciət elektron şəkildə qəbul olunub ki, bu da ortalama 49 % elektron müraciət deməkdir".

İ. Yusifov bildirib ki, görülmüş tədbirlər nəticəsində 2023-cü ilin son 3 rübü ərzində sahibkarlıq subyektlərinin elektron müraciətlərinin sayı ümumi müraciətlərin 50 %-dən artığını təşkil edir: "Enerji təchizatı şəbəkəsinə qoşulma xidmət üzrə 2023-cü ildə Bakı, Regional ASAN xidmət və ASAN Kommunal mərkəzləri üzrə abonentlər 299 695 kVt enerji gücü ilə təmin olunublar. Təmin olunan gücün 54,6 %-i Bakı RETSİ-nin, 45,4 %-i isə regionların payına düşür".