"Azərişıq" ASC Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bu il tərtib etdiyi "ASAN Xidmət indeksi" üzrə kommunal qurumlar arasında lider olub.

Bu barədə səhmdar cəmiyyətindən bildirilir.

Məlumata görə, "Azərişığ"ın xidmətlərindən məmnunluq səviyyəsi 83,61 % təşkil edib və quruma 5 ulduz dərəcəsi verilib. Xatırladaq ki, ötənilki reytinqdə səhmdar cəmiyyətin xidmətlərindən məmnunluq səviyyəsi 45,31 % olmuşdur ki, bununla da qurum 3 ulduzla qiymətləndirilmişdi.

Builki qiymətləndirmədə digər kommunal qurumlardan "Azərsu" ASC 77,43 %-lə 4 ulduza, "Azəristiliktəchizat" ASC 36,88 %-lə 2 ulduza, Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi isə 22,1 %-lə 2 ulduza layiq görülüb.

Xatırladaq ki, "ASAN Xidmət İndeksi" tərtib olunan zaman 24 mərkəzi icra hakimiyyəti orqanının 227 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 124 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 48 xidməti daxil olmaqla, ümumilikdə 399 xidmət qiymətləndirilir.