Son iki gündür, abonentlər qaz sayğaclarına ödənişlərin mümkün olmadığını iddia edirlər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Oxu.Az-a bir neçə vətəndaş tərəfindən şikayət daxil olub. Vətəndaşlar iddia edirlər ki, smart-kart tipli sayğaclara ödəniş etmək istəyən zaman sözügedən problemlə qarşılaşırlar. Nə terminallardan, nə də mobil telefon üzərindən müvafiq tətbiqlər vasitəsilə ödənişi həyata keçirmək olur.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Abonent Bazasına Xidmət Şöbəsinin rəisi Oqtay İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, iki gündür, proqram üzərində aparılan müvafiq işlərdən dolayı abonentlər müvəqqəti narahatlıqla üzləşiblər:

“Dünən bu problem smart-kart tipli sayğaclara ödəniş edilməsi prosesində olub, lakin bu gün həmin sayğaclara ödəniş edilməsində hansısa problem yoxdur. Ümumilikdə serverin yeri dəyişdirildiyi üçün bağlantı (şəbəkə) məsələsində müəyyən fasilələr yaranır deyə bu cür şikayətlər meydana gəlir. Hazırda smart-kart tipli sayğaclara ödənişlərdə problem yoxdur. Lakin bildirişli, abonent kodu ilə aparılan ödənişlərdə müəyyən zamanlarda əlaqə qırılır, yenidən bərpa edilir.

Hazırda problemin həll olunması üçün aidiyyəti şöbənin əməkdaşları çalışırlar, təəssüf ki, dəqiq vaxt demək mümkün deyil”.