2022-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 %, qeyri-ərzaq malları üzrə 4 % artıb.

2022-ci ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 %-i ərzaq məhsullarının, 4,7 %-i içkilər və tütün məmulatlarının, 14,1 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,3 %-i avtomobil benzini və dizel yanacağının, 4,8 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2 %i isə digər qeyriərzaq mallarının alınmasına sərf olunub.

2022-ci ildə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ini təşkil edib.

2021-ci illə müqayisədə 2022-ci ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,2 %, fərdi sahibkarlar üzrə 3 %, bazar və yarmarkalarda 4,2 % artıb.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 431,8 manatlıq, o cümlədən 243,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,6 manatlıq qeyri-ərzaq malları alıb.