“Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un (Conference of the Parties; Tərəflərin Konfransının) keçirilməsinə sayılı günlər qalıb. Azərbaycan bu mötəbər tədbir üçün hazırlıq işlərini yüksək səviyyədə həyata keçirməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi Bakının üzərinə düşən öhdəliklərə nə dərəcədə məsuliyyətlə yanaşmasından xəbər verir. 2024-cü ilin 11-24 noyabr tarixlərində keçiriləcək COP29 iqlim konfransı çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyəti Bakı şəhərinə təşrif buyuracaqdır”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır: “COP tədbirləri səviyyəsinə görə BMT Baş Assambleyasına bərabər tutulur. Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan “yaşıl” enerji ilə bağlı da ambisiyalı layihələrlə çıxış edir. Azərbaycan hökuməti 2030-cu ilə qədər enerji tələbatının 30 faizinin bərpa olunan mənbələr hesabına ödənilməsini hədəf kimi müəyyənləşdirib. Bərpa olunan enerji mənbələri iqlimlə bağlı hədəflərə nail olmaqda ən perspektivli həll yolu təklif edir. Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının 35%-ə qədər, 2050-ci ilə qədər isə 40%-ə qədər azaldılması öhdəliyini götürüb. “Yaşıl” enerjinin istehsalı və dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir. Ölkə böyük neft və qaz istehsalçısı olsa da, Azərbaycanın əsas gündəliyi “yaşıl” enerji ilə bağlıdır”.
Deputat söyləyib ki, Azərbaycan da digər ölkələr kimi ekoloji problemlərdən əziyyət çəkir: “Ölkənin ərazilərinin 30 ilə yaxın işğal altında qalması, minlərlə hektar meşəlik ərazilərin yandırılması, qırılması, çaylarının, su anbarlarının çirkləndirilməsi ciddi ekoloji fəsadlar yaradıb. Azərbaycan Prezidenti ölkənin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl” enerji zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur”.
T.Mirkişili bildirib ki, Azərbaycanda qeydə alınan digər ciddi ekoloji problem Xəzərin suyunun getdikcə azalmasıdır. Onun sözlərinə görə, bu, həm ekoloji, həm də iqtisadi problemlər yaradır: “Xəzər dənizinin geri çəkilməsi Orta Dəhliz üzərində yerləşən ölkələrə kommunikasiya ilə bağlı ciddi problemlər yaradacaq. Çünki bu önəmli transmilli layihə məhz Xəzər dənizindən keçir. Beləliklə, COP29 çərçivəsində keçiriləcək tədbirlərdə həm dünyanın, həm də Azərbaycanın ekoloji problemləri diqqətə çatdırılacaq, müzakirə olunacaqdır. Azərbaycan hazırda "yaşıl enerji"yə doğru irəliləyən ölkələrin önündə gedir. Bakı "Qlobal Metan Vədi"nə qoşulmaqla və "Enerji Effektivliyi Fondu"nu yaratmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə dəstək verir”.
Deputat vurğulayıb ki, Azərbaycanın məqsədi yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir: “Kiçik dövlətlər üçün yaradılacaq fond və oraya ediləcək ianələr ölkəmizə yeni tərəfdaşlar qazandıracaq. Bakının COP29 planı bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanır: Ambisiyaların artırılması və fəaliyyətə təkan vermək. Sülh və təhlükəsizlik, yeni texnologiyalar, gələcəyin maliyyə arxitekturası kimi elementlərin də əks olunduğu Gələcəyin Sammitində qəbul ediləcək yekun sənəd dünyamızda müsbət dəyişikliklərə yol açacaqdır. Azərbaycanın COP29 sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Onların arasında "COP Atəşkəs çağırışı" da var. İqlim münaqişələrini aradan qaldırmaq üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək vacibdir. Azərbaycan COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq niyyətindədir”.