Məlum olduğu kimi, İranla Azərbaycan arasında bir müddətdir artan gərginlik var.

Məsələ ilə bağlı YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev iqtisadiyyat.az saytına bunun səbəblərini şərh edib:

 
Nəzərə alsaq ki, Aİ qaz üçün Azərbaycanla saziş imzalayır. Avropa ölkələri  bizdən qaz, neft almaq üçün növbəyə durublar, əlbəttə bu, əlində heç nə olmayan Ermənistandan daha çox, qazı, nefti olan nəhəngləri qıcıqlandırır. 

Üstəlik müasir texnikalarla təchiz olunmuş Azərbaycan ordusunun cəmi 44 gün ərzində əldə etdiyi qələbə onları həm də qorxuya salır. Bu qorxu çox keçmədən özünümüdafiə instinktini aktivləşdirir və bildiyimiz kimi, məsələ durduq yerdə sərhəddə təlim keçirməyə qədər gəlib çıxır. 

Azərbaycan daim İranla əlaqələrində öz incə cizgilərini qoruyub. Dövlət başçısının da dediyi kimi, İranın bundan əvvəlki rəhbərləri ilə isti münasibətlər olub. Arada müəyyən anlaşılmazlıqlar olanda qısa zaman ərzində həll edilib. Mediada bu cür məsələlər heç vaxt çox qabardılmayıb.

Hazırki İran hakimiyyəti isə “SAHAR” adlı kanaldan başlayaraq, bütün mediası ilə Azərbaycana qarşı hücuma keçib. 

Bu hücumların heç bir faydası olmayıb və uğursuzluğa düçar olub. İrandan Azərbaycanın suverenliyinə qarşı edilən absurd çağırışları sosial şəbəkə istifadəçiləri sadəcə məzə obyektinə çeviriblər. 

Amma Azərbaycandan cənubdakı soydaşlarımıza edilən çağırışlara müsbət cavablar gəlir. Bu da İran hakimiyyətini növbəti dəfə qorxuya salır. Onların rəsmi şəxsləri artıq Azərbaycanla bağlı danışıqlara “dostluq, qonşuluq, mehribanlıq” sözləri ilə başlayırlar. 

İranın hədələrinə qarşı göstərdiyimiz cəsur davranış bizi bir daha qüdrətləndirdi. 

Onu da vurğulamaq lazımdır ki, ordumuz dünən İrana “Arazı elə keçməzlər, belə keçərlər” dərsini verdi. Ümid edirik, bu dərs İran üçün unudulmaz bir dərs olacaq.

Əslində, hazırkı proseslər də xalqımızın və dövlətimizin, Ali Baş Komandanımızın növbəti qələbəsidir, bu cür qələbələrimiz isə çox olacaq. Biz əbədi qalib yaşayacağıq!