Son dövrlər yağan intensiv yağışlar bölgələrdə çaylarda sululuğun artmasına səbəb olub. Çaylarda sululuğun artmasının isə müsbət tərəfləri olduğu kimi mənfi təsirləri də mövcuddur. İqlim dəyişmələri fonunda çaylardakı situasiyaların da mütəmadi olaraq dəyişməsi artıq günün reallığına çevrilib. Mütəxəssislərin fikrincə, yaz aylarında çaylarda sululuğun artması təbiətə xas olan ənənəvi əlamətlərdəndir.
Bəs son günlərdə intensiv yağan yağışların səbəbləri nələrdir? Çaylardakı sululuğun artması fonunda daşqınların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycan çayları yaz-payız daşqınlarının müşahidə edildiyi çaylardır.
Onun sözlərinə görə, ölkənin bütün dağ çaylarında, hətta Kürdə belə yaz fəslində artan yağıntıların təsiri ilə suyun səviyyəsi də yüksəlir: “Yaz fəslində isə bu artıma həm də çayların hövzələrində intensiv qarərimə prosesləri töhfə verir və bu artımı daha da çoxaldır. İlin bu dövründə Azərbaycan çaylarında daşqınların olması tam normal təbiət hadisəsidir. Bu həmişə olub və bundan sonra da olacaqdır. Son illər Kür çayının qurumasını müşahidə etməyimizə baxmayaraq, bu proses yenə də təkrarlana bilər. Son günlər aldığımız məlumatlara görə, Sabirabad, Salyan və Zərdab rayonunun bir çox yerində Kürün səviyyəsinin kəskin artımı müşahidə olunmaqdadır”.
Daşqınlara gəlincə isə mütəxəssis bildirir ki, bunun idarə olunmasında fəlakət risklərinin azaldılması üçün çoxsaylı müasir yanaşmalar mövcuddur. Onun sözlərinə görə, bunlar həm qısamüddətli, həm də uzunmüddətli dövrləri ehtiva edir: “Bunlardan biri çayətrafı ərazilərin zonalaşdırılmasıdır. Təhlükəsizlik səviyyəsinə görə çayətrafı ərazilər birinci, ikinci və üçüncü zonalara bölünürlər. Adətən, birinci zonada - çaya ən yaxın olan yerdə evlər tikilmir. Kür çayının ətrafında isə bizim şəhər və kəndlərimiz var. Həmin yaşayış məntəqələri tarixən Kürün suyundan istifadə edə bilmək üçün çaya çox yaxın ərazilərdə salınıb. Bu təcrübə təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur. Ona görə də bundan sonra çalışmaq lazımdır ki, çaylara daha yaxın ərazilərdə tikililər olmasın. Əgər bu çaylara yaxın yerlərdə bu tikililər mövcuddursa, onları ya çay sahilindən uzaqlaşdırmaq, ya da çox güclü bəndvurma işləri aparmaq lazımdır ki, yağıntılar artan zaman subasma hadisəsi baş verməsin”.
Ekoloq həmçinin əlavə edib ki, daşqın risklərini azaltmaq üçün su və meliorasiya infrastrukturunun inkişafı da çox mühümdür: “Məsələn, bir çox ölkədə olduğu kimi Azərbaycanda da çoxsaylı su anbarları tikilib ki, çaylarda artan su həmin anbarlara yığılsın və aşağıya buraxılmasın, beləliklə də daşqınların qarşısı alınsın. 1953-cü ildə istifadəyə verilən Mingəçəvir su anbarının əsas məqsədlərindən biri də Kür çayının aşağı ərazilərində baş verən mütamadi daşqınların qarşısını almaqdan ibarət idi. O zaman buna uğurla nail olunmuşdu. Odur ki, su anbarlarının çox effektiv tənzimlənməsi həyata keçirilməlidir. Yəni, gursulu dövrdən əvvəl su anbarları müəyyən proqnozlar əsasında boşaldılmalı, yuxarı hövzədən gələn suların orada yığılması üçün tutum yaradılmalıdır ki, su aşağıya buraxılmasın. Bəzən Azərbaycanda bu tutum olmur və məcburən suyu aşağı hissələrə buraxırlar. Bu da Kürün aşağı hissəsində subasma hadisələrinin baş verməsinə səbəb olur”.
R.Abbasov söyləyib ki, bir çox ölkədə suların buraxılması üçün subasma zonaları kimi çökəkliklər müəyyən edilir və kanallar vasitəsilə sular həmin ərazilərə boşaldılır: “Bizdə tarixən Kür daşan zaman onun suyu çay ətrafında yerləşən göllərə yönləndirilib. Məsələn, bunlara Sarı su gölü, Ağ gölü və Hacıqabul gölünü misal göstərə bilərik. Lakin son illər bu baş vermir. Düşünürəm ki, mümkün olan yerlərdə bunu bərpa etmək lazımdır. Adıçəkilən göllərdə də hazırda quruma prosesi gedir. Ona görə də çalışmaq lazımdır ki, su artan zaman həm daşqının qarşısının alınması, həm də göllərin qarşısının alınması üçün su həmin ərazilərə yönləndirilsin”.
Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinin direktoru Şəbnəm Qurbanova İqtisadiyyat.az-a bildirib ki, iqlim dəyişmələrinin təsiri ildən-ilə artmaqdadır. Onun sözlərinə görə, bu təsir həm temperatur rejimində, həm də yağıntıların paylanma arealı və intensivliyində özünü göstərir.
Direktor deyir ki, qısa zaman ərzində aylıq normanın bir neçə misli qədər yağıntı düşdüyü halda, bəzi illərdə aylıq normadan xeyli az yağıntı qeydə alınır. Nəticədə isə yağıntının miqdarında fərqli tendensiya izlənilir.
Ş.Qurbanova qeyd edib ki, son illər təhlükəli hidrometeoroloji hadisələrin, o cümlədən leysan yağıntıların təkrarlanması artıb: “Bu faktı təsdiqləmək üçün son illərin müşahidə məlumatlarına nəzər sala bilərik. Ötən ilin aprel-may aylarında ölkə ərazisinə düşən yağıntının miqdarı əksər bölgələrdə normadan çox olub. Belə ki, Böyük Qafqaz zonasında normanın 114-130%-i, Mərkəzi Aran bölgəsində 105%-i, Lənkəran-Astara bölgəsində normanın 114%-i qədər yağıntı düşüb. Kiçik Qafqaz və Naxçıvan MR-də isə normadan bir qədər az, normanın 63-86%-i qədər yağıntı qeydə alınıb. Ötən il Abşeron yarımadasında da normadan bir qədər çox yağıntı qeydə alınıb. Belə ki, aprel-may ayları ərzində aylıq normanın 116%-i qədər yağıntı düşüb”.
Mərkəz direktoru həmçinin xatırladıb ki, bu il aprel ayında Abşeron yarımadasında güclü yağış qeydə alınıb: “Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsiri nəticəsində aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişdi, leysan xarakterli intensiv və güclü yağış yağdı. Proses ərzində, aprelin 15-dən 17-dək düşən yağıntının miqdarı aylıq normanın bir-neçə mislini təşkil edib. 2025-ci ilin aprel ayı ərzində əksər bölgələrdə də aylıq normadan çox yağış yağıb. Ay ərzində ən çox yağıntı Quba-Qusar və Abşeron yarımadasında qeydə alınıb. Düşən yağıntının miqdarı aylıq normanın üç mislini aşıb”.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son vaxtlarda müşahidə olunan yağıntılar, həmçinin dağlıq ərazilərdə qarın əriməsi nəticəsində çay hövzələrində suyun səviyyəsi yüksəlib.
Qeyd olunub ki, xüsusilə yaz aylarında bu cür mövsümi dəyişikliklər çaylarda sululuğun artmasına səbəb olur: “Hazırda çaylarda suyun səviyyəsinin artması ilə bağlı mövcud vəziyyət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti tərəfindən daim izlənilir və hər hansı təhlükə yaranacağı təqdirdə operativ tədbirlərin görülməsi nəzərdə tutulub”.
Qurumdan vurğulanıb ki, Agentlik tərəfindən nizamlanmayan çayların daşma təhlükəsinin qarşısının alınması üçün investisiya layihələrinə uyğun mütəmadi bəndsalma işləri görülür: “Bununla yanaşı digər çayların da intensiv yağıntılar zamanı daşmasının qarşısını almaq məqsədilə öncə müvəqqəti bəndsalma işləri həyata keçirilir, davamında isə daimi mühafizə bəndləri tikilir. Bu kimi ərazilər daim rayonlar üzrə fəaliyyət göstərən Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən nəzarətdə saxlanılır”.
İsmayıl Bakuvi
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.