Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i “Vəkil günü” peşə bayramı kimi qeyd edilir. 

Bununla bağlı Vəkillər Kollegiyası tərəfindən silsilə tədbirlər həyata keçirilməkdədir. Tədbir çərçivəsində 28 dekabr 2021-ci il tarixində Vəkillər Kollegiyasının məsul şəxsləri, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlər Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. 

Kollegiya sədri Anar Bağırov başda olmaqla, kollegiya üzvləri və namizədlər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb. Sonra Şəhidlər xiyabanını ziyarət edən vəkillər Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıblar, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Daha sonra Muzey Mərkəzində namizədlərin andiçmə mərasimi keçirilib. 

Qeyd edilib ki, vəkilliyə test üsulu ilə qəbul 2004-cü ildən başlanılıb. 2004-2018-ci illərdə 5 yazılı test imtahanı, son 4 il içində isə 8 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 2.5 dəfədən çox artıb. 2021-ci il tarixində isə vəkilliyə qəbulla bağlı 2 yazılı test imtahanı keçirilib. 2021-ci ilin 5 mart və 2021-ci il 2 oktyabr tarixlərində keçirilən ixtisas imtahanın yazılı test mərhələlərində ümumilikdə 544 namizəd iştirak edib və müvəffəqiyyət qazanan 289 nəfər şifahi müsahibəyə buraxılıb. Keçirilən şifahi müsahibələr nəticəsində vəkillərin sayı 2132-ə çatıb. 2021-ci il 2 oktyabr tarixdə keçirilən imtahanda müvəffəqiyyət qazanmış 130 namizədlə hazırda şifahi müsahibə davam edir. 

Xatırladaq ki, hazırda ölkəmizdə 2 132 vəkil fəaliyyət göstərir. Onlardan 1 752 nəfəri kişi, 380 nəfəri qadındır. 1 679 nəfəri Bakıda, 453 nəfəri isə rayonlarda fəaliyyət göstərir. Eyni zamanda ötən 3 ildə ölkəmizdə vəkil bürolarının sayı da təxmini olaraq 3 dəfə artmış və hazırda 108-vəkil bürosu vardır ki, onların 70-i Bakı şəhərində yerləşir.