“Artıq bütün dünyada və Azərbaycanda da demoqrafik artım səngimək üzrədir. Bəzi ölkələrdə artıq demoqrafik artım yoxdur. Əgər 10 il bundan qabaq ölkəmizdə hər il 150-160 min uşaq doğulurdusa, indi onların sayı 105-110 min arasında dəyişir. Yəni, 50 min azalıb”.
Bunu İqtisadiyyat.az-a müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, əvvəlki illərdə doğum-ölüm nisbəti hər il 100 min nəfər doğumun xeyrinə idisə, yəni əhali sayı hər il 100 min nəfər artırdısa, indi bu rəqəm təxminən 60 minə enib və getdikcə də bu meyil davam edir:
“Əgər bu templə davam etsə, 2035-ci ildə Azərbaycanda ciddi demoqrafik gərginlik yarana bilər və ondan sonrakı dövrdə isə əhalinin qocalması və bundan sonra depopulyasiya gedə bilər. Depopulyasiya ölənlərin sayının doğulanların sayından çox olmasıdır. Hazırda Avropanın bir çox ölkələrində, Rusiyada, postsovet ölkələrinin bəzilərində bu proses gedir və bu, olduqca ciddi iqtisadi, sosial və humanitar problemlər yaradan bir məsələdir. Bunu önləməkdən ötrü hesab edirik ki, dövlət proqramı qəbul olunmalıdır və dövlət proqramında da qəbul olunan şərtlərdən və yaxud da müddəalardan biri uşaqların doğulmasının stimullaşdırılması və maddi həvəsləndirici addımlar ola bilər. Bu, birdəfəlik ana kapitalı kimi də ola bilər, hər doğulan uşağa görə müavinətin artırılması ola bilər, müəyyən yaşa qədər hər uşağa müavinət təyin oluna bilər. Hansı variant seçilə bilər, hansı məbləğ seçilər bilər, bunu indidən söyləmək tezdir və hesab edirəm ki, bu, həm də bir qədər məsuliyyət tələb edən məsələdir. Bunun hamısını ölçüb-biçmək lazımdır. Bunlar hamısı maddiyyata, ölkənin iqtisadi vəziyyətinə, sosial müdafiə fondunun durumuna bağlıdır. Amma bu reallıqlar da var ki, biz demoqrafik tənzimləmə məsələsini daimi olaraq izləməli və bu məsələnin düzgün istiqamətdə getməsi üçün də lazımi zəruri addımlar atmalıyıq”.
Komitə sədri söyləyib ki, hökumətin artıq demoqrafik inkişafla bağlı bir proqram qəbul etməsi üçün düşünməsi lazımdır: “Çünki proqramın qəbulu, işlənməsi üçün 1-2 il vaxt lazım olar və proqram ən azı 10 il müddətinə nəzərdə tutulmalıdır. Həm maliyyə təminatı, həm də digər görüləcək işlər də nəzərdə tutulmalıdır və bu çərçivədə uşaqlar üçün müavinətlər nəzərdə tutula bilər və həyata keçirilə bilər”.
M.Quliyev bildirib ki, ümumiyyətlə, dünyada uşaq müavinətlərinin verilməsinin iki prinsipi var: “Birinci prinsip odur ki, dövlət ailədə doğulan uşaqların sosial təminatına, sosial müdafiəsinə öz dəstəyini verir. Bu, Azərbaycanda öz həllini tapıbdır. Necə tapıb? Biz ünvanlı sosial yardım müəyyənləşdiririk, yəni ehtiyacı olan ailələrin uşaqlarına, hərbi xidmətdə olanların uşaqlarına, əlil uşaqlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara ünvanlı şəkildə bu müavinətlər verilir. Bundan əlavə, aztəminatlı ailələrə, yəni ünvanlı yardım alanların uşaqlarına müavinət verilir. Övladlığa götürülən uşaqlara müavinətlər verilir. Yəni 13 istiqamətdə uşaqlarla bağlı müavinətlər verilir. İkinci prinsip isə odur ki, demoqrafik gərginliyin aşağı salınması və uşaqların doğulmasının stimullaşdırılması məqsədilə müavinət verilir. Bu da o ölkələrdə tənzim olunur ki, orada uşaqların doğulma sayı artıq ölüm sayına bərabərləşir və yaxud ölüm artır. Düşünürəm biz bu sayı gözləməli deyilik. Məncə, proqram indidən də tutula bilər və bu işlər də hökumətin diqqət mərkəzində olmalıdır”.
Komitə sədri Azərbaycanda uşaq sayının və doğum sayının azalmasında iki əsas faktoru gördüyünü qeyd edib: “Birincisi, boşanma hallarıdır ki, bu da artıq gəlib 50 faizə çatıb. Hansı ki, 10 il qabaq bu rəqəm 15 faiz idi. Yəni bir il ərzində evlənənlərin təxminən 50 faizi boşanır. İkinci səbəb isə selektiv abortlardır. Çox vaxt görürsən ki, ikinci uşağın mütləq oğlan olmasını arzulayırlar və doğulan ikinci övlad qız uşağıdırsa, selektiv abort etdirirlər və bu proses artıq 20 ildir davam edir. Yəni 20 il bundan qabaq öldürülən uşaq, abort edilən qız uşağı bu gün ana olmalı idi. Amma bu gün o yoxdur. Ona görə də baxırsan ki, toyların da sayı azalıbdır və eyni zamanda selektiv abortlar da ciddi bir məsələdir”.
M.Quliyev eyni zamanda vurğulayıb ki, uşaq sayının azalması ilə əlaqədar digər bir məsələ mədəniyyət və sosial rifahın səviyyəsinin artması ilə bağlıdır: “O ölkələrdə uşaq dünyaya az gəlir ki, valideynlər daha çox sərbəst vaxt istəyirlər, daha çox öz mədəni və sosial həyatını qurmuş insanlardır. Gec evlənirlər. Artıq bizdə də evlənmənin orta yaşı 30 yaşa gəlib çatıb. İnsanlar gec evlənirlər, bir və ya iki uşaq dünyaya gətirəndən sonra da istəmirlər, deyirlər ki, biz öz həyatımızı yaşamaq istəyirik. Bu, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Amma Hindistan, Pakistan, Afrika dövlətləri və başqa uşaq doğumu çox olan ölkələr üçün xarakterik deyil”.
“Yoxsul ölkələrdə, misal üçün Afrika ölkələrində doğum tempi yüksəkdir. Doğum tempi ən aşağı ölkələrə gəlincə isə, burada Norveç, İslandiya, Finlandiya, yəni daha çox sosial rifahı olan ölkələri göstərmək olar. Bu mənada digər bir səbəb də buna bağlıdır. Amma bütün bu səbəblər hamısı öz yerində, dövlət öz proqramlarını görməlidir. Onu da deyim ki, bəzən uşaq pulu verilərsə, uşaqların sayının artacağını düşünənlər var. Bu, həll yolu deyil. Avropa bu yolu keçdi, artmadı. Rusiya bu yolu illərdir keçir, nə qədər böyük vəsait xərcləyib, amma demək olar ki, artım yoxdur. Gəlin Avropaya baxaq, Avropa işçi qüvvəsini haradan gətir? Pakistandan, Hindistandan. Onların hesabına əmək qabiliyyətli əhalinin sayını tənzimləyə bilirlər. Amma biz oradan gətirəsi deyilik, elə öz potensialımızdan səmərəli istifadə edə bilərik”, - M.Quliyev əlavə edib.
Qeyd edək ki, müsahibənin geniş variantı ilə bu linkdən tanış olmaq mümkündür.