Azərbaycanda özəl və dövlət toxumçuluq təsərrüfatlarında Dövlət Reyestrində qeydiyyata alınmış taxıl sortlarının əkin sahələrinin aprobasiyasına (toxumluq əkinlərin sorttəmizliyi, xəstəlik və zərərvericilərə yoluxması, alaqlanma dərəcəsi və s.) başlanılıb.

İqtisadiyyat.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ətraf rayonların nümayəndələri daxil olmaqla Salyan və Tərtər rayonlarında aprobatorların aprobasiyası üzrə nəzəri biliklərinin möhkəmləndirilməsi, habelə şəffaflığın təmin edilməsi və keyfiyyətin artırılması məqsədilə “Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda təlim keçirilib.

Sonda təlimə cəlb olunan mütəxəssislər metodiki təlimatlarla təmin olunublar. Aprobatorlar tərəfindən sahələrin aprobasiyası zamanı sort təmizliyi müəyyən edilir, əkinlərin alaqlanma, xəstəliklərə yoluxma və zərərvericilərlə sirayətlənmə dərəcəsi təyin edilir, aprobasiya sənədləri tərtib olunur. Müvafiq standartların tələblərinə cavab verməyən sahələr çıxdaş edilir. Bugünədək 933 hektar toxumluq taxıl sahələrində aprobasiya aparılıb. Hazırda toxumluq taxıl əkin sahələrinin aprobasiyası davam etdirilir

Tarla aprobasiyasının aparılmasında məqsəd toxumların sortluq və səpin keyfiyyətlərinin dövlət standartlarına uyğunluğunu yoxlamaq və fermerləri keyfiyyətli toxumlarla təmin etməkdir.