“Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial siyasət kursu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tərəfindən uğurla həyata keçirilir. Bu baxımdan son illərdə Azərbaycanda sosial sahənin inkişafı və vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində atılmış mühüm addımları qeyd etmək istəyirəm”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Onun sözlərinə görə, Nazirlik sosial müdafiə sisteminin təkmilləşdirilməsi, işsizliklə mübarizə, əlilliyi olan şəxslərin dəstəklənməsi istiqamətdində və digər sosial sahələrdə ciddi islahatlar həyata keçirərək ölkəmizin sosial siyasətində mühüm irəliləyişlərə nail olub.

Deputat bildirib ki, son illərdə ölkədəki iqtisadi artım və sosial inkişaf nəzərə alınaraq, sosial müavinətlər və pensiyalar mütəmadi olaraq artırılıb: “Bu artımlar aztəminatlı ailələr və pensiyaçılar üçün maddi dəstəyin gücləndirilməsinə xidmət edib. Son illər həyata keçirilmiş sosial paketlərin icrası vətəndaşlarımızın sosial rifahının yaxşılaşmasına xidmət edib. Pensiyaların təyinatı sahəsində təkmilləşmələrin aparılması süni əngəlləri aradan qaldırıb, pensiya təminatında şəffaflıq artırılaraq vətəndaşların hüquqlarının qorunması təmin olunub”.

Deputat söyləyib ki, son illərdə yaradılmış DOST Mərkəzləri əhaliyə 200-ə yaxın sosial xidməti təklif edir və təklif olunan bu xidmətlərdən əhalinin məmnunluq səviyyəsi 98,1%-ə çatıb: “Əlilliyi olan şəxslərin sosial müdafiəsinin təmin olunması istiqamətində də mühüm addımlar atılıb. Bu şəxslərin işlə təminatı, reabilitasiya xidmətləri və xüsusi ehtiyacları nəzərə alınaraq müxtəlif sosial xidmətlər genişləndirilib. Xüsusilə, dövlət tərəfindən əlilliyi olan şəxslərin müalicə və təhsil xidmətlərinə çıxışları artırılıb, onların iş bazarına inteqrasiyası üçün müxtəlif dəstək proqramları hazırlanıb”.

A.Badamov vurğulayıb ki, Nazirlik işsizliklə mübarizə sahəsində işsizlikdən sığorta, peşə hazırlığı kursları və işəgötürmə dəstəkləri kimi proqramlar həyata keçirib: “Bu proqramlar vasitəsilə işsiz vətəndaşlar peşə bacarıqları artırılaraq əmək bazarına uyğun işlə təmin olunublar. İşsizlikdən Sığorta Fondunun yaradılması və bu fondun vəsaitlərinin ünvanlı şəkildə istiqmətləndirilməsi ölkədə işsizliyin aradan qalxmasında həlledici rol oynayıb. Son illərdə həyata keçirilməyə başlanmış ictimai iş yerləri və özünəməşğulluq proqramları çərçivəsində atılan addımlar işsiz vətəndaşların işlə təmin olunmasına və işsiz ailələrə aktivlər verilməklə onların da sahibkarlıq subyektlərinə çevrilməsinə töhfə verib”.

Deputat qeyd edib ki, son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində də böyük addımlar atıb. Onun sözlərinə görə, bu sahədə islahatlar aparılaraq sosial sığorta haqlarının toplanması və həmin fondların səmərəli şəkildə istifadə olunması təmin edilib:

“Beləliklə, sığorta olunan vətəndaşların hüquqları qorunub və gələcəkdə sosial təminatlar daha güclü şəkildə həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illərdə həyata keçirdiyi islahatlar və proqramlar, əhalinin sosial rifahın yaxşılaşdırılmasına, işsizliklə mübarizəyə, əlilliyi olan şəxslərin və sosial cəhətdən həssas qrupların müdafiəsinin gücləndirilməsinə böyük töhfələr verib. Bu addımlar həm də dövlət başçımızın rəhbərliyi altında ölkəmizin sosial siyasətinin gücləndirilməsi və daha inklüziv bir cəmiyyətin qurulmasına yönəlmiş mühüm tədbirlərdir. Nazirliyin bu sahədəki fəaliyyəti gələcəkdə də əhalinin rifahının artırılması istiqamətində davamlı xidmət göstərəcək”.