“Torpaq daşınmaz əmlak predmentləri arasında ən likvid əmlak hesab olunur və bu gün də belədir. Sənədli torpaq sahələrinin qiyməti artan dinamika ilə davam edir”.
Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, bu prosesin qarşıdakı dövrdə də belə olacağı gözləniləndir: “Çünki torpaq sahələri artmayan, yəni azalan əmlak seqmentidir. Bu səbəbdən torpaq sahələrinə tələb yüksək olduğuna görə, qiymətlərdə də ilbəil artımlar müşahidə edirik”.
“Nəzərə alsaq ki, Azərbaycanda sənədsiz tikililərlə bağlı mübarizə tədbirləri artmaqda davam edir və bununla bağlı qanunlara müəyyən maddələr əlavə olunur, eyni zamanda sənədsiz torpaqlarda tikinti işlərinin aparılmasını məhdudlaşdıran müəyyən qərarlar qəbul edilir, bu baxımdan sənədli torpaq sahələrinə olan maraq və tələb artır. Bu da öz növbəsində torpaq sahələrinin qiymətində artıma səbəb olur”, - ekspert söyləyib.
R.Osmanlı bildirib ki, torpaq sahələrinin qiymətinin artması həyət evlərinin də bahalaşmasına gətirib çıxarır: “Nəzərə alsaq ki, həyət evlərində dəyərin bir hissəsi torpaq sahəsi hesabına formalaşır, təbii ki, torpaq sahələrinin qiyməti artdıqca həyət evlərinə də təsir göstərir”.