Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 39,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % azdır.

Neft-qaz sektorunda məhsul istehsalı 2,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 6,5 % artıb.

Sənaye məhsulunun 69,1 %-i mədənçıxarma sektorunda, 25,7 %-i emal sektorunda, 4,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 3,3 % artıb.

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 43 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,7 %, poliqrafiya məhsullarının istehsalı 34,3 %, kağız və karton istehsalı 31,8 %, içkilərin istehsalı 26 %, tikinti materiallarının istehsalı 24,1 %, maşın və avadanlıqların istehsalı 20 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,5 %, hazır metal məmulatlarının istehsalı 19,1 %, neft məhsullarının istehsalı 15,9 %, qida məhsullarının istehsalı 11,7 %, tütün məmulatlarının istehsalı 10 %, kimya sənayesi məhsullarının istehsalı 3,6 %, mebel istehsalı 2,5 % artıb.

Elektrik avadanlıqlarının istehsalı 0,2 %, əczaçılıq məhsullarının istehsalı 13,9 %, sair nəqliyyat vasitələrinin istehsalı 17 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19,1 %, geyim istehsalı 23,4 %, sair sənaye məhsullarının istehsalı 29,3 %, metallurgiya sənayesi məhsullarının istehsalı 31,1 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,1 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,7 % artıb.