Azərbaycanda sağlamlıq turizm strategiyası hazırlanacaq.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Turizm Agentliyi bununla bağlı müvafiq işlərə başlanılıb.

Strategiyaya əsasən, sağlamlıq turizmi sahəsində strateji planlaşdırma və dövlət idarəetməsi sahəsində uğurlu beynəlxalq təcrübəyə dair təhlil aparılacaq.

Tibbi turizm sahəsində uğurlu beynəlxalq təcrübə öyrəniləcək, eləcə də sağlamlıq turizmi ilə məşğul olan mütəxəssislərlə və səhiyyə müəssisələri ilə müsahibələr təşkil olunacaq.

Strategiyada Azərbaycanda mövcud vəziyyətin təhlilini və resurs diaqnostikasını, maraqlı tərəflərin xəritəsini və laborator təhlil nəticələrini əks etdirən hesabatın işğaldan azad olunmuş ərazilərin resurslarını da əhatə edəcək formada təkmilləşdirilməsi və məlumatların yenilənməsi də nəzərdə tutulub.

Əsas mənbə bazarları təhlil ediləcək, bu bazarlara münasibətdə Azərbaycanın rəqabətqabiliyyətliliyi qiymətləndiriləcək, rəqabətqabiliyyətliliyin artırılması məqsədilə məhsul inkişafı təklifləri hazırlanacaq.

Müvafiq sahənin inkişaf etdiyi ölkələrdə (Türkiyə, Malayziya, Çexiya, Tayland və s.) sağlamlıq turizminin inkişafı məqsədilə dövlət tərəfindən həyata keçirilən siyasətlər və tətbiq edilən strateji yanaşmalara dair təhlil aparılacaq, Azərbaycan nümunəsinə uyğun gələn spesifik hallar seçiləcək.

2021-ci ildə Agentliyə təhvil verilmiş sağlamlıq turizminə dair təhlil sənədinin yenilənməsi məqsədilə işğaldan azad edilmiş ərazilərin (xüsusi ilə Kəlbəcər və Şuşa şəhərləri) sağlamlıq turizmi resurslarının diaqnostikası aparılacaq.

Aparılan təhlillər nəticəsində əldə edilən tapıntılar, verilən təkliflər əsasında xüsusi Tədbirlər Planı formalaşdırılacaq. Yeni sağlamlıq turizmi məhsullarına dair təkliflər də Strategiyanın Tədbirlər Planında əks olunacaq.