Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkətinin 2022-ci il üçün səhmdarlarına hər bir adi səhmi üçün 8 sent həcmində dividend ödəyəcək.

Bu barədə İqtisadiyyat.az şirkətin 2022-ci ildə fəaliyyətinə dair hazırladığı hesabata istinadən xəbər verir.

“Anglo Asian Mining plc” hər bir adi səhm üçün ödənişi iyulun 27-də həyata keçirəcək.

Qeyd olunur ki, dividend ödənişi 2021-ci maliyyə ili üçün təsdiq olunmuş göstərici ilə eynidir.

2022-ci il üzrə şirkət səhmdarlarına ümumi olaraq 8,6 milyon ABŞ dolları məbləğində dividend ödəyəcək.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.