“Hazırda Azərbaycanda qiymətli daşların müstəqil və beynəlxalq standartlara cavab verən ekspertizası məhduddur. Ölkədə gemoloji laboratoriyaların məhdudluğu problemi aktualdır. Amma aidiyyəti üzrə işlər görülür və önümüzdəki vaxtlarda artıq gemoloji mərkəzlər fəaliyyət göstərəcək”.

Bu sözləri Qiymətli metallar və qiymətli daşlar üzrə Texniki Komitənin sədri, Azərbaycan Zərgərlik Assosiasiyasının sədr müavini Rövşən Əmircanov İqtisadiyyat.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, gemoloji laboratoriyalarda daşların mənşəyi, təbii və ya sintetik olması, təmizliyi, rəngi və digər keyfiyyət paramatrləri müəyyən edilir. Belə laboratoriyaların mövcudluğu həm istehlakçı hüquqlarını qoruyur, həm də zərgərlik sektorunda şəffaflığı artırır:

“Qiymətli daşlar üzrə ölkəmizdə qəbul edilən standartlar, bu sahədə beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq, ticarətin şəffaflığını və istehlakçıların hüquqlarını qorumağa yönəlib. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu 2021-ci ildən etibarən qiymətli metallar və qiymətli daşlar sahəsində müvafiq standartların tətbiqinə böyük diqqət yetirir. Bu çərçivədə Milli Standartlaşdırma Qurumunun təsis etdiyi "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitə tərəfindən hazırlanan və qəbul edilən dövlət standartları, brilyantlar və digər qiymətli daşların ticarəti, dəyərləndirilməsi, təsnifatı və sertifikatlaşdırılması sahəsində müasir və yüksək tələbləri əks etdirir. Bu standartlar, qiymətli daşların keyfiyyətinin müəyyən edilməsi, müvafiq qanuni tələblərə uyğunluğunun təmin olunması və bazarda etibarlılığın artırılmasına xidmət edir. Eyni zamanda, bu tədbirlər qiymətli daşlar bazarında istehsalçıların və istehlakçıların hüquqlarının qorunmasını, ticarət şəraitinin şəffaf və ədalətli olmasını təmin edir”.

Sədr müavini həmçinin qeyd edib ki, keyfiyyət və şəffaflığı təmin edən standartların tətbiqi, istehlakçılara etibarlı və sertifikatlaşdırılmış məhsulları asanlıqla əldə etməyə imkan verəcək: “Eyni zamanda, bu yanaşma həmçinin alıcı və satıcılar arasında mübahisələrin azaldılmasına, qiymətli daşların ticarətində etik standartların və qanuni qaydaların qorunmasına xidmət edir. Təəssüf ki, daşların çoxu ölkəyə sertifikatsız daxil olur. Bu, bazarda etibarlılıq və keyfiyyət məsələlərinə dair narahatlıqlar yaradır və həm istehsalçılar, həm də istehlakçılar üçün problemlər meydana çıxarır. Sertifikatlaşdırılmamış məhsulların bazara daxil olması, həmçinin müştərilərin daşların orijinallığına və keyfiyyətinə dair inamsızlığa yol açır”.

Müsahibənin geniş variantı ilə bu linkdən tanış olmaq mümkündür.