Milli Məclisin deputatı, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadınların peşə fəaliyyəti, inkişafları bir sözlə qadının cəmiyyətdəki rolu barədə İqtisadiyyat.az-a müsahibə verib. 

Müsahibəni təqdim edirik:

Hicran xanım, bir qadın üçün siyasətdə olmağın hansı çətinlikləri var?  

Mən deyərdim ki, bu çətinlikdən daha çox məsuliyyət məsələsidir. Yəni qadın siyasətdədirsə, davranışına, nitqinə xüsusi fikir verməli, daim öz peşəkarlıq səviyyəsini artırmalıdır. Yəni o elə bir fəaliyyət göstərməlidir ki, digər qadınlar üçün də bir yol açılsın. Əlbəttə ki, bu həm məsuliyyətli olmağı, öz üzərində işləməyi, digər qadınlar üçün, eləcə də cəmiyyət üçün bir nümunə olmalıdır. Qeyd edim ki, tarix boyu bizim belə örnək qadınlarımız olub və bu gün də var. Biz belə qadınlarımızla həmişə fəxr etmişik. Bu gün onların açdığı yolu davam etdirən, bu məktəbə özünəməxsus çalarlar verməklə, yeniliklər əlavə etməklə daha da dərinləşdirən Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nümünəsində bütün dünya Azərbaycan qadının obrazını görür.  

Necə düşünürsünüz, karyerada uğurlu olmaq üçün bir qadında hansı xüsusiyyətlər olmalıdır? 

Çalışmaq, bilik və bacarıqlarını artırmaq, özünə inanmaq. Əgər insan qarşısına məqsəd qoyursa, o mütləq uğur qazanacaq. Fərq etməz bu qadındır, yoxsa kişi. Biz elə bir dövrdə yaşayırıq ki, daim biliklərimizi yeniləməliyik, informasiya texnologiyaları sahəsində bacarıqlarımızı artırmalıyıq ki, rəqabətə dayanıqlı olaq. 

 

 

Ölkəmizdə qadınlar üçün qadağan olunmuş hansı peşə sahələri mövcuddur? 

Hazırda texnologiya elə inkişaf edib ki, bir müddət əvvəl daha çox zəhmət tələb edən işlərdə, peşə və vəzifələrdə işləmək bu gün asandır.  Qeyd etmək istərdim ki, Əmək Məcəlləsinin 241-ci maddəsindən irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin Siyahısı”nda istehsalatla bağlı altı yüz yetmiş dörd peşə (vəzifə) və iş yerində qadınların əməyi qadağan edilir. Bu Siyahı keçmiş Sovetlər dövründən qalmış və həmin dövrün istehsalat mühitinə uyğun hazırlanmış siyahıdır ki, hazırda onun yenilənməsinə və yalnız hamilə və bir yaşınadək uşağı olan qadınlara şamil olunmasına ehtiyac vardır. Əmək Məsəlləsinə edilən  dəyişiklik əsasında  mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən edilib. Həmçinin, qadağan edilən bu peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. 

Qadınlardan danışırıqsa, təhsil mövzusuna toxunmamaq olmaz. Əvvəllər təhsildə qızların, indi isə oğlanların üstünlüyü nəzərə çarpır. Sizcə bunun səbəbləri nədir?

Mən bu fikirlə tam razı deyiləm. Azərbaycanda orta məktəb, bakalavr və magistr səviyyəsində qız və oğlanların nisbəti demək olar ki, eynidir. Çox sevindirici haldır ki, mühəndislik və riyaziyyat üzrə dünya üzrə orta göstərici 35%-dir, Azərbaycanda isə bu göstərici 40 faizdir. Dövlət proqramı çərçivəsində bu gün kifayət qədər qızlarımız ölkədən kənarda bakalavr və magistr təhsili alırlar. Əlbəttə ki, neqativ hallar var və belə məsələlərin qarşısının alınması istiqamətində adiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti, hər kəs öz töhfəsini verməli, mübarizə aparmalıdır. 

Bir siyasətçi və iş xanımı olaraq, sizcə idarəetmədə qadınlar daha bacarıqlı yoxsa kişilər? 

Məncə qadının və ya kişinin fərqləndirilməsi bir qədər düzgün olmazdı. Çünki, istər qadın, istərsə də kişinin peşəkarlığı, biliyi, təcrübəsi, analitik təhlil etmə bacarığı individualdır. Hətta iqtisadi böhran dövründə aparılan tədqiqatların nəticələrinə görə, qadınların rəhbərlik etdiyi şirkətlər yaranmış böhran vəziyyətindən daha az itki ilə çıxmışdılar. Beynəlxalq analitiklər təsdiq edirlər ki, siyasi strukturlarda qadınların təmsil olunma nisbəti 20%-dən çoxdursa, həmin dövlətdə, sosial, təhsil və səhiyyə sahələrinin inkişafında real dönüşlər müşahidə edilir.

Əgər qadınlar öz güclərinə inanıb, potensiallarını, şəxsi keyfiyyətlərini inkişaf etdirsələr,aktiv olsalar, ailədən və ətrafdan dəstək alsalar, həm ailəsinin rifahı üçün, həm də cəmiyyətimizin inkişafı üçün əvəzsiz töhfələr verə bilərlər.

Müsahibə üçün təşəkkür edirik.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az