Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6 milyard manatlıq, o cümlədən 3,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 %, o cümlədən qeyri-ərzaq malları üzrə 4,9 % azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2 % artıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla

2020-ci ilin yanvar-fevral aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 6 027,9 98,7
o cümlədən:
ərzaq məhsulları 2 824,1 102,2
içkilər və tütün məmulatları 380,9 100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 997,5 92,9
elektrik malları və mebellər 316,3 88,7
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 43,2 102,0
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 138,4 150,8
avtomobil benzini və dizel yanacağı 322,6 88,1
digər qeyri-ərzaq malları 1 004,9 96,4

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 %-i ərzaq məhsullarının, 6,3 %-i içkilər və tütün məmulatlarının, 16,5 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 5,2 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 26,6 %-i ticarət müəssisələri, 49,9 %-i fərdi sahibkarlar tərəfindən, 23,5 %-i isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,3 %, fərdi sahibkarlar üzrə 1,6 % artıb, bazar və yarmarkalarda isə 15,8 % azalıb.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 302,1 manatlıq, o cümlədən 160,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alıb.