“Azərbaycanda özəl pensiya fondlarının yaradılması xeyli müddətdir ki, müzakirə olunur və təbii ki, müvafiq dövlət qurumu tərəfindən də bu istiqamətdə araşdırmalar və eyni zamanda beynəlxalq praktikanın öyrənilməsi davam etdirilir. Təbii ki, məqsəd Azərbaycanda daha qısa zamanda özəl pensiya fondlarının yaradılmasına nail olmaqdır”.

Bunu İqtisadiyyat.az-a açıqlamsında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, özəl pensiya fondları vətəndaşlar üçün paralel yığım imkanları deməkdir: “Dünya praktikası göstərir ki, demək olar ki, bütün inkişaf etmiş ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir və belə fondların fəaliyyət göstərməsi də nəticə etibarı ilə vətəndaşlara yalnız dövlət deyil, həm də özəl özəl pensiya fondlarında yığım və təbii ki, buna uyğun olaraq daha çox pensiya almaq imkanı deməkdir. Çünki bu zaman artıq vətəndaşın pensiya yaşı tamam olan zaman vətəndaşımız yalnız dövlət deyil, həm də özəl pensiya fondundan pensiya almaq imkanına malik olur.

Məsələn, əgər vətəndaşımızın pensiya yaşı tamam olub, dövlətdən 500 manat pensiya alırsa, onun yığımından asılı olaraq, pensiyasının üzərinə özəl pensiya fondundan da əlavələr həyata keçirilir. Onun yığımından asılı olaraq vətəndaşımızın özəl pensiya fondundan əlavə olaraq, 300 manat pensiya alması mümkündür və bu, nəticədə vətəndaşımızın pensiyasının məbləğinin beş yüz manatdan səkkiz yüz manatadək yüksəlməsinə gətirib çıxara bilər”.

Deputat vurğulayıb ki, eyni zamanda, dünya praktikasına əsasən özəl pensiya fondunda yığılan kapitalın bir hissəsini birdəfəlik götürmək də mümkündür: “Bizim təklifimiz ondan ibarətdir ki, Azərbaycanda da özəl pensiya fondlarında da oxşar mexanizm tətbiq olunsun. Yəni bu zaman artıq vətəndaş pensiya fondunda topladığı vəsaitin bir hissəsini müəyyən müddətdən sonra (məsələn, 15 il özəl pensiya fonduna ödəniş etdikdən sonra) həmin yığılan kapitalın bir hissəsini istifadə etmək imkanına malik ola bilər. Bu baxımdan özəl pensiya fondu həm də həmin fondda yığılan kapitalın bir hissəsinin vətəndaşa birdəfəlik və ya qismən və ya mərhələli şəkildə qaytarılmasına imkan yaradır”.

Elçin Mehdiyev