Bu ilin may ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 32,17 Mbit/s təşkil edib.

Bu göstərici aprel ayı ilə müqayisədə 1,1% azalıb.
Cari ilin mayında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti aprel ayının göstəricisi ilə müqayisədə 1% azalaraq 10,04 Mbit/s olub.Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 30,37 Mbit/s və 8,6 Mbit/s təşkil edib. May ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 141 ölkə arasında 4 pillə gerililəyərək 61-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Norveç (129,4 Mbit/s), BƏƏ (124,89 Mbit/s) və Qətər (117,61 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin may ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 21,01 Mbit/s, çıxış sürəti isə 22,96 Mbit/s təşkil edib. Aprel ayı ilə müqayisədə giriş sürəti 3,6%, çıxış sürəti isə 4,8% artıb.

Bu ilin may ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 182 ölkə arasında (aprel ayında olduğu kimi) 118-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Sinqapur – 209,21 Mbit/s, Çili – 206,97 Mbit/s və Tayland – 188,31 Mbit/s olub.

Bu ilin mayında qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 64,7 Mbit/s və 27,74 Mbit/s təşkil edib.fins.az