Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, hazırda bazarda hinduşka ətinin bir kiloqramının qiyməti 20-25 manat arasında dəyişir.

Onun sözlərinə görə, bu, ötənilki qiymətlə müqayisədə təxminən 20-30 faiz bahadır: "Ümumiyyətlə, əsasən həyət hinduşkaları baha satılır. Ölkəmizdə bir neçə hinduşka ferması var. Onlar da yerli hinduşka saxlayır. Lakin bəzi hallarda xarici ölkələrdən də hinduşka əti idxal olunur, amma o idxal olunan ət yerli hinduşka əti ilə eyni keyfiyyətə malik olmur. Yerli hinduşka ətləri daha keyfiyyətlidir və buna görə də qiyməti də fərqlidir". 

İqtisadçı Pərviz Heydərov isə İqtisadiyyat.az-a açıqlamasında söyləyib ki, hind toyuğu Yeni il süfrəsinin ən mühüm elementlərindən birini təşkil edir və süfrənin ən qiymətli məhsulu sayılır. Buna görə də bayramqabağı bu məhsulun qiyməti həmişə yüksək olur. 

Ekspert sözügedən ət məhsulunun dəyərinin ötənilki qiymətdən aşağı olmayacağını vurğulayıb. Onun sözlərinə görə, bayram ərəfəsində hinduşka ətinin qiymətinin yüksəldilməsinin qarşısını almaq heç bir zaman mümkün olmayıb:

"Bu, təcrübədə də özünü göstərir. Bu il hind toyuğu üzrə fərdi təsərrüfatlarda olan mövcud durum keçən ilki qiymətlərdən sonra nisbətən fərqlidir. Ona görə də bu il bazarda təklif olunan bu məhsulun qiymətini  yüksək olacağı ehtimal olunur. Lakin bununla belə düşünürəm ki, hind toyuğunun qiymətinin yüksəldilməsinin qarşısını almaq mümkün olmayacaq".

İsmayıl Bakuvi