2021-ci ilin yanvar ayında Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 724 mln. manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,5% az vəsait yönəldilib.

Bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,1%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 38,8% azalıb. İstifadə olunmuş vəsaitin 583 mln. manatı və ya 80,5%-i məhsul istehsalı sahələrinə, 80,7 mln. manatı (11,2%-i) xidmət sahələrinə, 60,3 mln. manatı (8,3%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 377,5 mln. manatını və ya 52,1%-ini daxili vəsaitlər təşkil edib.

Sərmayə qoyuluşunun 631,3 mln. manatı və ya 87,2%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 71,7%, bank kreditləri 16,3%, əhalinin şəxsi vəsaitləri 8,5%, büdcə vəsaitləri 2,7%, sair vəsaitlər isə 0,8% təşkil edib.