Bu gün dünyanın bir çox ölkələrində donuz əti əhəmiyyətli miqdarda istehlak olunur. Bu baxımdan donuz əti 36% istehlak nisbəti ilə dünyada ən çox istehlak edilən ət növü sayılır. 1990-2012-ci illər arasında donuz əti istehlakı 104,2% artaraq digər ət növlərini üstələyib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-2022-ci illərdə Azərbaycanda əhali tərəfindən istehlak olunan donuz ətinin həcmi 29% artıb. Bu isə o deməkdir ki, donuz ətinin birbaşa istehlakı 55% artıb.
Maraqlıdır ki, donuz əti istehlakına artan tələbin səbəbi nədir?
Mövzu ilə bağlı iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, donuz ətinə tələbatın artmasının başlıca səbəbi inflyasiya ilə bağlıdır:
"Donuz ətinin istehlakının artmasına bir sıra amillər təsir edir. İlk növbədə, kəskin sürətlə artan inflyasiya pul ifadəsində olan bütün məhsulların istehlakının artmasını göstərir. Lakin bu, o demək deyil ki, fiziki göstəricilərdə də artım var. İnflyasiyanın dolayı təsirlərindən biri də ənənəvi olaraq yüksək tələbata malik olan mal, qoyun və toyuq ətləri üzrə qiymətlərin artmasıdır. Bu baxımdan istehlakçıların müəyyən hissəsi alternativ ət növləri axtarmağa başlayırlar və nəticədə donuz ətinə tələbat da artır. Nəzərə almaq lazımdır ki, ənənəvi olaraq donuz ətinə tələbatın az olması ölkədəki qiymətinin daha ucuz olmasına səbəb olurdu. İstehlakçılar ucuz ətə üz tutmaq nöqteyi-nəzərindən donuz əti almağa üstünlük verirlər. Sözsüz ki, bu hal neqativdir. Digər məqam ondan ibarətdir ki, donuz ətindən müxtəlif məmulatların hazırlanmasında istifadə olunur. Kolbasalar, sosiskalar və bir sıra ət məmulatları məhz donuz ətindən hazırlanır".
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə öz növbəsində donuz ətinin zərərlərinə toxunub. Belə ki, donuz əti insan sağlamlığına ciddi təhlükələr yaradır:
"Donuz əti dünyada ən çox istifadə olunan ət sırasındadır. Bəzi ölkələrdə donuz ətindən istifadə haram hesab olunsa da, bir çox məhsulların tərkibində jelatin kimi donuz piyindən istifadə edilir. Yəni donuz əti bir şəkildə insanların qidasına daxil olur. Digər heyvanlardan insanlara keçən xəstəliklər və bakteriyalar var ki, bu, donuz ətinə də xasdır. Donuz əti həddindən artıq yağlıdır. Xüsusilə də donmuş yağlardan ibarətdir. Ona görə də donuz ətini qəbul etikdə bu yağlar insanın vücuduna, xüsusən də qana keçir. Nəticədə insanda ürək, qan-damarları xəstəliklərinin yaranmasına, təzyiqin yüksəlməsinə və qəfil ürəktutmalarına yol açır. Bu baxımdan həddindən artıq donuz əti yeyilməsi tövsiyə olunmur. Eyni zamanda donuzda "sitoksin" adlı zəhərli maddələr var. Bu maddələr daxil edildikdə orqanizmdən kənara atılmır və uzun müddət qalır. Bu, limfa düyünlərinin şişməsinə və iltihablaşmasına, temperaturun yüksəlməsinə və bir çox nahiyələrdə ağrıların yaranmasına səbəb olur.
Donuz ətinin tərkibində kükürdün normadan çox olması əzələlərdə və sümüklərdə problemlərin yaranmasına səbəb olur. Bu, bir çox hallarda yırtıqların yaranmasına təsir edir. Bundan başqa, donuz ətində böyümə hormonu çoxdur. Ona görə də donuz ətindən istifadə edən yetkin yaşında olan insanlar sürətli şəkildə çəki alırlar və bu, sağlam inkişafına əngəl törədir. Böyümə hormonunun çox olması xərçəng xəstəliyi yarada bilir. Donuz əti qəbul edən şəxslərdə daha çox dəri xəstəlikləri yayılır. Çünki donuz ətində olan histamin maddəsi dəridə allergiya, qaşınma, ekzema və dermatit kimi dəri iltihabı xəstəlikləri yaradır. Yaxşı olar ki, donuz əti çox qəbul olunmasın.
Donuz ətinin faydalarına gəlincə, protein ağırlığı çoxdur və buna görə də idmançılar donuz ətinə daha çox üstünlük verirlər. Lakin bu ətin davamlı şəkildə qəbulu idmançılar üçün də zərərlidir. Donuz ətinin tərkibində D vitamini, B qrup vitaminlər, natrium, fosfor, kalium və dəmir mineralları daha çoxdur. B qrup vitaminlərin çoxluğu mərkəzi beyin sistemində problemləri olan insanlar üçün faydalıdır. Hər bir halda miqdarı keçməmək məqsədəuyğundur. Onu da qeyd edim ki, donuz əti bişmiş və çiy şəkildə qəbul edilir. Donuz ətini yaxşı şəkildə bişirmək lazımdır".
Gülşən Şərif