Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirilib.

İqtisadiyyat.az nazirliyə istinadən xəbər verir ki, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 12 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Nəqliyyat vasitələrindən birinə edilən təklif ilkin start qiymətindən 6 dəfə çox olub. Belə ki, ilkin satış qiyməti 2 500 manat olan “Ural” markalı avtomobilə edilən ən son təklif 15 100 manata qədər yüksəlib. Bundan başqa, "Hyundai Sonata” markalı avtomobilin ilkin start qiyməti 7 000 manat olsa da, nəqliyyat vasitəsi 10 600 manata özəlləşdirilib.

Özəlləşdirilən obyekt və kiçik dövlət müəssisəsi Beyləqan və Şəmkir rayonlarında yerləşir. Bu günki hərrac üzrə dövlət büdcəsinə 100 855 manat vəsait ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/30SU4lu )

Növbəti hərrac fevralın 22-də keçiriləcək. Hərracda iştirakçılara 54 dövlət əmlakı təklif edilir. Bunlardan 6-sı səhmdar cəmiyyətlərin səhm paketi, 17-si kiçik dövlət müəssisə və obyekti, 2-si yarımçıq tikili, 29-u isə nəqliyyat vasitəsidir.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.