İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıqları başa çatdırıb.
İlkin mərhələdə su anbarının suvarma şəbəkəsinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Agentlik layihələndirmə işlərini “Hydrotrans Engineering Mühəndislik Mərkəzi”nə həvalə edib və onunla dəyəri, 1 milyon 700 min manatdan artıq olan müqavilə bağlayıb.
Xatırladaq ki, “Hydrotrans Engineering Mühəndislik Mərkəzi” MMC 1995-ci ildə təsis edilib. Onun nizamnamə kapitalının 70 faizi “Efendi İnternatinal Group” MMC-yə, 30 faizi isə Emina Khanum Omarievaya məxsusdur. Emina Khanum həm də şirkətin baş icraçı direktorudur.
Qeyd edək ki, Viləşçay su anbarı əkinlərin suvarma suyuna tələbatının ödənilməsi məqsədilə tikilib və 1986-cı ildə istismara verilib.
Masallı rayonunda Viləşçayın üzərində tikilən su anbarının həcmi 46,0 mln. m³, topaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2 km-dir. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 m qaldırılması və anbarın həcminin 130 mln. m³-ə çatdırılacağı nəzərdə tutulub.
Rayon ərazisində mövcud olan 24 min 964 hektar əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazisi 456 hektar təşkil edən su anbarı vasitəsi ilə hazırda 9900 hektara yaxın əkin sahələri suvarılır.