Ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirləri 1,701.83 min manatdan 868.52 min manata qədər azalıb.
İqtisadiyyat.az Teleqraf-a istinadən xəbər verir ki, ilin birinci rübündə bankın ticarət və investisiya qiymətli kağızlardakı aktivlərinin həcmi 76 milyon 362 min manat olub.
2025-ci ilin ilk üç ayında ötən ilin eyni dövrünə nəzərən bankın faiz gəlirləri 15,7 faiz artaraq əsasən müştərilərə verilən kreditlərdən əldə olunan faiz gəlirləri hesabına formalaşıb. 40 milyon 728 min manat faiz gəlirinin 38 milyon 962 min manatı müştərilərə verilən kreditlərdən götürülən faiz qazancıdır. Qısası, faiz gəlirinin 95,7 faizi bu mənbədən formalaşıb.
Bankın faiz gəlirlərinin digər komponentlərində azalma müşahidə edilməsinə baxmayaraq, biznes və istehlak kreditləri üzrə faiz gəlirləri maliyyə qurumunun mənfəətinin mənfiyə düşməsinin qarşısını alıb.
Xarici valyutada əməliyyatlardan zərərə uğrayıb
Bankların aktivlik səviyyəsini ölçməyə imkan verən kriteriyalardan biri də onların qeyri-faiz gəlirləridir. Qeyri-faiz gəlirləri əsas etibarilə valyuta mübadiləsi, hesablarla əməliyyatlar, pul köçürmələri də daxil olmaqla, kreditdən başqa digər xidmətlərdən daxilolmalar hesabına formalaşır. Bu göstərici bankların müştərilərlə nə qədər aktiv işlədiyini və insanların onların xidmətlərindən nə dərəcədə maraqlı olduğunu göstərir. "Bank of Baku"nun qeyri-faiz gəlirləri (4 milyon109 min manat ) ötən ilin birinci rübü ilə müqayisədə cəmi 273 min manat artıb. Halbuki, 2024-cü ilin yanvar-mart aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 645 min manat artım qeydə alınmışdı.
Maliyyə qurumunun qeyri-faiz gəlirləri əsasən alınan haqq və komissiya gəlirləri hesabına formalaşıb. Xarici valyutada (məzənnə dəyişməsi daxil olmaqla) qeyri-faiz zərəri 68 min 51 manat, qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən zərəri 52 min 41 manat təşkil edib. Halbuki ötən ilin eyni dövründə xarici valyutada aparılan əməliyyatlardan bankın qeyri-faiz gəliri 155 min manat olmuşdu.
Bakın faiz xərclərinə gəlincə, əsasən depozitlər üzrə faizlərin ödənişi təşkil edib- 14 milyon 220 min manat. Maliyyə qurumu cəlb etdiyi kreditlər üzrə 400 min manat faiz xərci çəkib.
Hesabat dövründə bankın aktivləri ilə bərabər öhdəlikləri də artıb. Belə ki, ötən ilin sonu ilə müqayisədə bankın öhdəlikləri 63 milyon 446,89 min manat və ya 8,1 faiz artaraq 842 milyon 25,49 min manata catıb. Öhdəliklərin 73,4 faizi depozitlərin payına düşüb.
Bank biznesi maliyyələşdirməyə maraq göstərmir
"Bank of Baku"nun kredit portfeli 777 milyon 43 min manat olub. Maraqlıdır ki, bu qədər vəsaitin 137 milyon 592 min manatı biznes sektoruna kredit kimi verilib. Portfeldə istehlak kreditlərinin payı 588 milyon 977 min manatdır. Bu kreditin də 552 milyon 902 min manatı təminatsızdir. Biznes kreditlərində təminatsız kreditlərin payı 98 milyon 705 min manat təşkil edir. İlin birinci rübündə bankda bir ildən artıq vaxtı keçən kreditlərin həcmi 7 milyon manatdan çox olub.
Yüksək kreditləşmə dinamikası fonunda bankın risk üzrə ölçülmüş aktivləri artıb. 2025-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə risk üzrə ölçülmüş aktivlər 8,68% artıb. Risk üzrə ölçülmüş aktivlərin artımı bankın kreditləşmə fəaliyyəti üzrə aktivliyi şəraitində formalaşıb.
Bankın dövr üzrə xalis mənfəəti 7 milyon 143 min manat olub. Bank ötən ilin birinci rübü ilə müqayisədə mənfəətini artırsa da, 2023-cü ilin eyni dövründən (9 milyon 538 min manat) geridə qalır.
Maliyyə qurumunun kredit təşkilatları və maliyyə institutlarına borcları da artıb. Bu yöndə öhdəliklər yanvar-mart aylarında 152 milyon 322 min manata çatıb. 2024-cü ilin birinci rübündə bu rəqəm 124 milyon 125 min manat idi.
İllərdir dövriyyədə olan "Bolkart" kredit kartlarının şərtlərinə nəzər salıb, bol xərcləyib, bol qazanmağın yollarını sayt araşdırmağa çalışıb. Əvvəla kart üzrə illik faiz dərəcəsi 27% faizdir. Digər bankların kredit kartları 5 illik olduğu halda "Bolkart" cəmi 35 aylıq müddətdə dövriyyədə olur. Kart üzrə kredit xəttinin məbləği 500 – 15 000 manat arasında dəyişir. Güzəşt müddəti 60 aya, taksit isə 24 aya qədərdir. Güzəşt müddəti bitən andan etibarən isə aylıq 2,25% həcmində faiz hesablanır. Ölkə daxili bank kartlarına köçürmələr üzrə komissiya haqqı 1.5% (min. 1.5 AZN), banka məxsus ATM-lərdə nağdlaşdırma üzrə komissiya haqqı 1.5% (min. 1.5 AZN), ölkədaxili digər bankların ATM-lərində nağdlaşdırma üzrə komissiya haqqı 1.5%-dir (min. 1.5 AZN). Bəli, bunlar bankın müştəridən qazandıqlarıdır.
O ki qaldı kartın müştəriyə qazandırdıqlarına, məsələn, SMS banking xidmətinə qoşulma, 3D secure xidmətinə qoşulma pulsuzdur. Market, YDM və kafe-restoranlarda edilən ödənişlərə görə 5% cashback hesablanır. Digər əməliyyatlar isə 0,5% cashback qazandırır. Beləliklə, də cashback-in maksimum məbləği 10 manatdır.
Qeyd edək ki, “Bank of Baku” ASC 18 fevral 2005-ci il tarixində Mərkəzi Bank (“ARMB”) tərəfindən verilmiş 247 saylı bank lisenziyası əsasında fəaliyyət göstərir. Bankın əsas fəaliyyətinə əmanətlərlə bağlı əməliyyatlar, müştəri hesablarının aparılması, kredit əməliyyatları, zəmanətlərin verilməsi, kassa və hesablaşma əməliyyatları, qiymətli kağızlar və xarici valyuta əməliyyatları daxildir.
Maliyyə qurumunun əsas səhmdarı “NAB Holding”dir. Şirkət bankda 35% səhmə sahibdir. Hikmət İsmayılovun 31.11%, “Azpetrol Neft Şirkəti” MMC-nin 28.89%, Elçin İsayevin 5% səhm payı var.