“Azərbaycanda Aqrar sığorta modelinin tədbiqi üçün bir neçə ölkənin TARSİM kimi aqrar sığorta modelləri öyrənilərək ölkəmizdə tətbiq imkanları araşdırılıb”

İqtisadiyyat.az bildirir ki, “AZSIĞORTA" ASC sığorta şirkətinin Mənfəət Mərkəzinin rəhbəri Qoşqar Şəkərəliyev Fins.az-a deyib.

Onun sözlərinə görə, Azərbaycanda “Aqrar sığorta” mexanizmlərinin təkminləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilərək ölkəmizdə tətbiqi imkanlarının araşdırılması istiqamətində müvafiq addımlar atılıb.

“Aqrar sığortanın kənd təsərrüfatında geniş tətbiqi ölkədə sözügedən sahə üzrə maliyə resurslarına çıxış imkanlarını təkminləşdirəcək, aqrar sahəyə biznes marağı ve investisiyaları təşviq edəcək, eyni zamanda davamlı inkişaf və dayanıqlılığın artırılmasına, istehsalın artımına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və eləcə də kənd təsərrüfatı məhsullarının idxalından ixracına keçidinə tövhə verəcəkdir. Azərbaycanda Aqrar sığorta modelinin tədbiqi üçün bir neçə ölkənin İspaniyanın – Agroseguro, ABŞ- Risk İdarəetməsi Agentliyinin (ingiliscə RMA), Ukraynanın - “Аграрный страховой Пул”, Türkiyənin - TARSİM kimi aqrar sığorta modelləri öyrənilərək ölkəmizdə tətbiq imkanları araşdırılıb. Etiraf etmək lazımdır ki, bu uzunmüddətli araşdırma nəticəsində hazırda qardaş Türkiyədə uğurla tətbiq edilərək, iqtisadiyyatın inkişafına tövhələr verən TARSİM modelinin Azərbaycanda tətbiqi qərara alınmışdır. Bu da çox uğurlu modeldir. Vahid fond yaradılır və hadisə baş verdikdə dəymiş zərər həmin müştərək fondun vəsaiti hesabına ödənilir. Fondun topladığı pullar hər hansı bir halda sığorta ödənişinin verilməsinə kifayət etmədikdə, dövlətin fonda vəsait ayırması nəzərdə tutulub. Burada sığorta şirkəti sadəcə fermerlərlə, müqavilə bağlayıb riski fonda ötürür, hadisə baş verdikdə bu hal müstəqil ekspertlər tərəfindən araşdırılır və həmin məbləğdə ödənişlər verilir. Hesab edirəm ki, “Aqrar Sığorta“ sistemi Azərbaycanda stabil və təhlükəsiz aqrar sığorta mexanizmini formalaşdıracaq”.