Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 954,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.

Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3,8 % azalaraq 46,5 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,3 % azalaraq 908,2 milyon manat olub.

Azərbaycanın əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. Martın 1-nə kimi 64,1 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 11,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 11,8 min hektar sahədə kartof, 13,6 min hektar sahədə tərəvəz, 26,8 min hektar sahədə yemlik bitkilər, 0,2 min hektar sahədə şəkər çuğunduru əkilib.

2 ay ərzində ölkədə quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət, 324,5 min ton süd, 367,8 milyon ədəd yumurta istehsal edilib, ötən ilin eyni dövrünə nisbətən süd istehsalı 0,7 %, yumurta istehsalı 3,4 % artıb, ət istehsalı isə 1,5 % azalıb.