Yaqub Zeynalov peşəkar aşpazdır. Lakin digər həmkarlarından fərqli olaraq o evində çalışır. Yaqub restoranı evinə gətirib. Başqa sözlə desək, evini restorana çevirib. O, İtaliyada kulinariya üzrə təhsil alıb. Dediyinə görə, italyanlarda müşahidə etdiyi bir xüsusiyyət onun indiki layihəsində əsas rol oynayıb. Belə ki, İtaliyada insanlar yeməyin hazırlanmasından tutmuş süfrəyə təqdimatına qədər bu prosesdəki bir çox xırdalıqlara olduqca həssaslıqla yanaşırlar. Bu isə onlara məxsus bir yemək mədəniyyəti yaradır. Yaqub da bundan təsirlənib və indiki işində detalları ön plana çəkərək maraqlı bir konsept yaradıb. Belə ki, yaşadığı evin otağını mini kafeyə çevirərək qonaqlara xidmət göstərir. Amma onu digər aşpazlardan fərqləndirən sadəcə evini kafeyə çevirməsi deyil. Əsas fərqliliklərdən biri onun yemək hazırlıqlarını “torpaqdan süfrəyə” daşımasıdır. O, yemək hazırlama prosesindəki xırdalıqların diqqətdən qaçmaması üçün bölgələrə səfər edir, mövsümə uyğun qida məhsullarını toplayır, orqanik şəkildə yığdığı məhsullarla təamlar hazırlayır və qonaqlarına servis edir. Qonaqlar isə burada sadəcə yemək yemir, həm də yeməklərin tarixçəsindən tutmuş hazırlanma prosesinə qədər bir çox məlumatları aşpazın öz təqdimatında öyrənmiş olur. 

 

İqtisadiyyat.az xəbər verir ki, buranın daha bir, hətta deyərdim ki, əsas özəlliyi qonaqlarla bağlıdır. Belə ki, siz istədiyiniz zaman bu kafeyə gedə bilməzsiniz. Çünki bu kafenin müştərilərini Yaqub özü seçir. Bunun üçün xüsusi bir anket də hazırlayıb və həmin anketlə müraciət edənləri nəzərdən keçirərək özü seçim edir və istədiyi şəxsi ev-kafeyə qonaq dəvət edir. 

Dediyinə görə, bütün işləri tək gördüyü üçün gündə yalnız bir dəfə qonaq qarşılamaq imkanı olur. Bu özəl xidmətin dəyərinə gəlincə isə gənc aşpaz qonaqlar üçün 100 və 60 manat aralığında ikili qiymət təyin edib. 

 


Özünün də qeyd etdiyi kimi bu qiymətə sadəcə yemək hazırlamaq daxil deyil. Yaqub yeməkləri hazırlayarkən, onların tərkibini təşkil edən məhsulları bölgələrdən gətirir, süfrədə isə qonaqlarına qidaların, yeməklərin tarixçəsi barədə bol informasiya ötürür. Yəni, həm ağzınız dada gəlir, həm də məlumatlanmış, maariflənmiş olursunuz. 
Üstəlik hər anketin müəllifi burada qonaq ola bilmirmiş. Bizi özəl qonaq olaraq qarşıladığına görə Yaquba təşəkkür edirik.