Bu ilin yanvar-iyul aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 15-nin yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Xalq Həyat Sığorta" ASC-dir. Bu şirkət 7 ayda 1,689 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 6,7 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta"). Bu şirkətin daxilolmaları 41,058 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,9% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 7 ay ərzində 5 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,5% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin yığımları 4,3% azalaraq 15,747 milyon manata düşüb.FED.az